Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın internet sahəsində insan hüquqları qorunur
Azərbaycanda bütün sahələrdə olduğu kimi, internet sahəsində də insan hüquqları tam formada qorunur. Ölkədə internet tam azaddır və hər kəs üçün əlçatandır.
Hazırda respublika ərazisində hər kəs çox asanlıqla beynəlxalq şəbəkəyə qoşula bilər. Tutduğu siyasi mövqedən asılı olmayaraq bütün internet istifadəçiləri onlara lazım olan saytlara daxil ola, öz fikir və rəylərini bölüşə bilirlər. Ölkədə vətəndaşlar sosial şəbəkələrdən istifadə edir və heç bir maneə görmədən paylaşımlar edirlər.
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib.
Görüşdə ölkəmizdə insan hüquqları sahəsində görülən işlərdən danışan E.Süleymanova Ombudsman təsisatının BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, həmçinin İnsan Hüquqları üzrə Ali Komissarlıqla, bu qurumun regional ofisi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini diqqətə çatdırıb.
Müvəkkil “Açıq Hökumətin təşviqinə dair” 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planınında “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə 2013-2014-cü illərdə Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsinin nəzərdə tutulduğunu söyləyib.
Müvəkkil Söz və ifadə azadlığı ilə bağlı jurnalistlərin hüquqi biliklərinin artırılması üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə birgə maarifləndirici treninq-seminaların keçirilməsini təklif edib.
BMT-nin rəsmisi səmərəli fikir mübadiləsi, Ombudsmanların qarşıdakı beynəlxalq konfransına dəvət və faydalı təkliflər üçün E.Süleymanovaya təşəkkür edib. O, adıçəkilən konfransda iştirak edəcəyini söyləyib, jurnalistlər üçün birgə treninq-seminarın keçirilməsinə dəstək verəcəyini vurğulayıb.
V.Şkolnikov bu günlərdə Şəki və Gəncə şəhərlərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ombudsman təsisatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə keçirdiyi, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, yerli QHT-lərin və KİV nümayəndələrinin iştirak etdiyi “Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və BMT-nin insan hüquqları mexanizmləri” mövzusunda maarifləndirmə təlimlərinin böyük maraq doğurduğunu söyləyib.
SEYMUR
12/10/15 Çap et