İnkişaf etmiş ölkələr bankomatlardan imtina edir
2014-cü ildə dünyada bankomatların sayı 3 milyonadək artıb. Ekspertlərin proqnozuna görə, 2020-ci ilə 4 milyon ATM quraşdırılacaq. Dünya bankomat şəbəkəsinin geniş yayılması əsasən Hindistan və Çin kimi inkişaf etməkdə olan bazarlardan asılıdır. İnkişaf etmiş ölkələr isə, bank şöbələrini optimallaşdırmağa və bankomatların bazasını azaltmağa davam edir.
-
2009-cu ildən etibarən Çində bankomatların sayı 3 dəfə artıb. Son onillikdə Hindistanda, həmçinin ATM şəbəkəsinin sürətli artımı müşahidə olunur. 2014-cü ilin sonuna ölkə yalnız Çin, ABŞ və Yaponiyadan geri qalmaqla dünyada bankomatların sayına görə dördüncü pilləni tutub.
-
Gözləntilərə görə, Yaxın Şərq və Afrika regionunda ATM bazası, həmçinin sürətlə artacaq. Sözügedən regionda ən çox yeni bankomat Nigeriya və İranda quraşdırılacaq.
-
Mərkəzi və Şərqi Avropada bankomatların sayının azalması müşahidə olunacaq. Bu ən böyük bazarların ATM iqtisadi göstəricilərinin pisləşməsi ilə bağlıdır.
-
2014-cü ildə Qərbi Avropanın 17 aparıcı dövlətindən 10-u bankomatların sayını azaldıb. Ən çox azalma İspaniyada müşahidə olunub. Ekspertlərin proqnozuna görə, 5 il ərzində Qərbi Avropanın ən azı 6 ölkəsində bankomatların sayı azalacaq.
Tədricən nağdsız ödənişlərdən istifadəyə keçən inkişaf etmiş ölkələrdə əhali bankomatlardan daha az istifadə edir. İnkişaf etmiş dövlətlərdə bankomatlar şəbəkəsinin azalmasına baxmayaraq, ümumilikdə qlobal ATM bazarında artım davam edəcək.
Emil Hüseynov