Tədqiqat: “Sosial şəbəkələr videooyunlardan fərqli olaraq təhsilə təsir göstərmir”
Videooyunlara aludəçilik sosial şəbəkələrdən aktiv istifadədən fərqli olaraq orta məktəblərdə buraxılış imtahanlarının nəticələrini pisləşdirə bilər. Bu barədə Böyük Britaniyada keçirilən tədqiqatın nəticələrindən məlum olub.
Nadir hallarda videooyun oynayan yeniyetmələrin təxminən 77 faizi beş imtahanda "A”, “B” və ya “C” qiymət alıb. Gündə ən azı iki dəfə videooyun oynayanların yalnız 41 faizi beş imtahanda uğurlu nəticə qazanıb. Tədqiqat müəllifləri sosial şəbəkələrə videooyunlardan fərqli olaraq daha çox diqqət yetirsələr də, aktiv sosial şəbəkə istifadəçilərinin imtahan nəticələrində əhəmiyyətli fərq qeydə alınmayıb.
Tədqiqat Milli Uşaq Bürosu (National Children’s Bureau) tərəfindən Şimali İrlandiya məktəblərində keçirilib. Həmçinin məlum olub ki, on şagirddən dördü buraxılış ilində internetdə 4 saat və ya daha çox vaxt keçirir. Bununla yanaşı, imtahanlarda ən yaxşı nəticəni kompüterdən hər gün iş üçün 3 saat istifadə edərək ev tapşırıqlarını hazırlayan şagirdlər göstərib.
Evdə internetə çıxış imkanı olmayan şagirdlər imtahanlara bu imkandan yararlana bilən həmkarlarından daha pis hazırlaşıb. Onların yalnız 29 faizi beş imtahanda “C” qiymət alıb. Evdə “Wi-Fi” çıxışı olanların 68 faizi isə imtahanı uğurla verib.
Tədqiqatçıların qənaətinə görə, müəllimlər evə tapşırıq verən zaman daha çox hazırlaşmaq üçün fərdi kompüter və internetdən istifadəni tələb edən çalışmalara üstünlük verməlidirlər. Qeyd olunur ki, yeniyetmələr bəzən müasir texnologiyalarda özlərini “ekspert” hesab etsələr də, valideynlər və müəllimlərin vəzifəsi onlara düzgün “rəqəmli vərdişlər” formalaşdırmağa kömək etməkdən ibarətdir, -
“Vesti” yazır.