"ITU Telecom World 2015” sərgisi öz işinə başlayıb
Bu gün Budapeştdə (Macarıstan) Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə "ITU Telecom World 2015" sərgisi start götürüb.
Oktyabrın 15-dək davam edəcək tədbir əsas direktiv və tənzimləyici orqanların nümayəndələrini, sahə mütəxəssislərini, sərmayədarları, sahibkarları və novatorları bir araya gətirəcək.
Qlobal tədbirin məqsədi ideyaların daha geniş və operativ yayılmasına, eləcə də yaxın gələcəkdə dünyanı daha yaxşı edəcək İKT əsaslı innovativ həllərin tətbiqinin aktivləşdirilməsinə köməyin göstərilməsindən ibarətdir.
Sərgidə inkişaf etmiş və inkişaf etməkdə olan bazarlar tərəfindən təqdim edilən rəqəmli həllərin, ölkələri və regionları təmsil edən yeni yaradılmış müəssisələrin və dünyanın sahə üzrə aparıcı nümayəndələrinin ən yaxşı ideyalarının nümayiş etdirilməsi nəzərdə tutulur.
Sərgidə "Huawei", "Intel", "Magyar Telekom", "TDIA and ZTE" kimi nəhəng şirkətlər, o cümlədən Azərbaycan, Çin, Ciboti, Macarıstan, Koreya Respublikası, Malavi, Nigeriya, Səudiyyə Ərəbistanı kimi ölkələrin yüksəksəviyyəli nümayəndələri iştirak edir.
Beynəlxalq tədbirdə Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.
"ITU Telecom World 2015" sərgisində Azərbaycanın Milli pavilyonunda dövlət qurumlarının və 20-dək özəl İT şirkətin nümayəndələri iştirak edirlər.
"ITU Telecom World 2015" çərçivəsində keçiriləcək rabitə tənzimləyicilərinin rəhbərlərinin sammitində nazir Əli Abbasovun məruzə ilə çıxış edəcəyi gözlənilir.