Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron dərsliklərin üstün və mənfi cəhətləri müzakirə edilib
Dünyada elektron tədris mühitinə keçid çox geniş vüsət alıb. Hipermətnlər şəklində elektron dərsliklərin yaradılması və onların tədris prosesinə tətbiqi istiqamətində mühüm işlər görülməkdədir.
Lakin buna baxmayaraq elektron dərsliklər sahəsində hələ də vahid standartlar və hüquqi mühafizə mexanizmi işlənilməyib. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən elmi seminarda institutun dissertantı Vüsalə Qurbanova məruzə ilə çıxış edib.
İTİ-dən verilən məlumata görə, elmi seminar “Elektron dərsliklər: mövcud problemlər və perspektivlər” mövzusuna həsr olunub.
Seminarda V.Qurbanova qeyd edib ki, elektron dərsliklərin keyfiyyətini ölçən meyarlar və ümumiyyətlə ED anlayışı dəqiq müəyyənləşdirilməyib.
Elektron dərsliklərin ənənəvi dərsliklərlə müqayisədə bir sıra üstünlüklərə malik olduğunu önə çəkən məruzəçi bildirib ki, asanlıqla əldə edilən və yenilənən, saxlanılması və daşınması daha rahat olan elektron dərsliklər böyük xərc tələb etmir.
O, eyni zamanda elektron dərsliklərin qeyri-qanuni yüklənməsi, elektrik enerjisindən asılılığı, texniki problemlərin yaranma ehtimalı, insanların görmə qabiliyyətinin zəifləməsinə səbəb olması kimi mənfi tərəflərinin olduğunu da söyləyib.
SEYMUR
12/10/15 Çap et