Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin 9 ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, bu il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu, özlüyündə böyük göstəricidir. Çünki dünyada və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.
Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək.
Əlbəttə, müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək.
Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikultralizmlə bağlı bizim təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər. Çünki biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir.
Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik. Sosial-iqtisadi göstəricilərimiz də bir daha təsdiq və sübut edir ki, biz düzgün yoldayıq.
Doqquz ayda Azərbaycan iqtisadiyyatı 3,7 faiz artmışdır. Nəzərə alsaq ki, biz bunu qeyri-neft sektorunun hesabına əldə etmişik, bu, çox böyük göstəricidir. Ümumiyyətlə, bu gün bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, əlbəttə ki, istər-istəməz bizim iqtisadi inkişafımıza da mənfi təsir göstərir. Ondan əlavə, ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi - 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir göstərmişdir. Ancaq buna baxmayaraq, aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Hesab edirəm ki, indiki şəraitdə 3,7 faiz ən gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız 6 faizdən çox artmışdır və bu da dediyim kimi aparılan islahatların nəticəsidir.
Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır. Bu da çox müsbət göstəricidir və onu göstərir ki, Azərbaycanda sənayeləşmə siyasəti uğurla icra edilir. Bir neçə il bundan əvvəl qarşıya qoyduğumuz vəzifə icra edilir. Çünki Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır. Ona görə, qeyri-neft sənayesinin 10 faizdən çox artması, əlbəttə ki, bizi həm sevindirir, həm də daha da ruhlandırır. Biz bu yolla getməliyik və sənayenin inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görüləcəkdir. Bu barədə bir qədər sonra danışacağıq.
Bu il "Kənd təsərrüfatı ili" elan edilib. Şadam ki, "Kənd təsərrüfatı ili"ndə kənd təsərrüfatımız da 6,7 faiz artmışdır. Ölkədə aparılan islahatlar, eyni zamanda, dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiyalar, texnika təminatı və bütövlükdə dövlət siyasəti, bax, bu vəziyyəti yaradır. İri fermer təsərrüfatlarının yaradılması da, xüsusilə, taxılçılıq sahəsində, böyük dönüşə səbəb olmuşdur.
Azərbaycanda inflyasiya 9 ayda çox aşağı səviyyədədir - 3,7 faiz. Əhalinin pul gəlirləri isə 5,8 faiz artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Bu da o deməkdir ki, əhalinin real gəlirləri ildən-ilə artır. Baxmayaraq ki, yenə də demək istəyirəm, bu il həm ölkə, həm bölgə üçün ağır il olaraq qalır.
Ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir. Bu da çox gözəl göstəricidir. Çünki bu gün dünyada maliyyə və likvidlik qıtlığı yaşanır. Bir çox ölkələr öz ölkələrinə daha çox investisiyalar cəlb etmək üçün çalışırlar və o cümlədən Azərbaycan. Biz də əsas vəsaitimizi ölkəmizə qoyuruq. Eyni zamanda, xarici investorlar üçün də Azərbaycan cəlbedici ölkə kimi tanınır. Biz çalışmalıyıq ki, investisiya iqlimini daha da yaxşılaşdıraq və bu sahədə əlavə tədbirlər görüləcəkdir.
Bu il sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir. Qeyd etməliyəm ki, sosial infrastrukturun yaradılması prosesi gedir. Baxmayaraq, xərclərimiz təbii ki, azalır, ancaq biz sosial infrastrukturun yaradılmasına bu il də kifayət qədər böyük vəsait ayırmışıq. Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu da bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə, sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır.
Hesab edirəm ki, ünvanlı sosial yardım sahəsində də çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin edilir. Görülən tədbirlər, islahatlar nəticəsində bu sahə insanları daha az narahat edir. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə bu sahə ilə bağlı çoxsaylı şikayətlər daxil olurdu. Artıq yaradılan yeni sistem – şəffaflıq və sosial ədalət bu narazılığın böyük hissəsini aradan qaldırıb.
Onu da qeyd etməliyəm ki, şəffaflıq nəticəsində ünvanlı sosial yardım alanların sayı 16 faiz aşağı düşmüşdür. Çünki heç bir kriteriyaya görə ünvanlı sosial yardım düşməyənlər artıq bunu almırlar. Ancaq doğrudan da ehtiyac içində yaşayanlar bunu alır və onlara daha böyük məbləğ verilir. Bu gün 500 minə yaxın insan, 114 min ailə ünvanlı sosial yardım alır və hər ailəyə orta hesabla hər ay 153 manat dövlət tərəfindən yardım göstərilir. Bu, çox yaxşı nəticədir və əminəm ki, gələcək illərdə yoxsulluğun aşağı düşməsi nəticəsində ünvanlı sosial yardıma möhtac olanların sayı daha da azalacaq. Bizim vəzifəmiz, - bunu biz artıq neçə ildir ki, bəyan etmişik, - ondan ibarətdir ki, yoxsulluq bir fenomen kimi Azərbaycandan tamamilə yığışdırılsın. Biz bu sosial bəlanı aradan götürməliyik. Yoxsulluq Azərbaycanda aşağı səviyyədədir - 5 faiz səviyyəsindədir. Ümumiyyətlə, olmamalıdır və əminəm ki, biz gələcək illərdə buna daha da yaxınlaşacağıq.
İnfrastruktur sektorunda, infrastruktur layihələrinin icrasında da bu il kifayət qədər böyük işlər görülüb. Təbii ki, bizim gəlirlərimiz neftin qiymətinin aşağı düşməsi nəticəsində azaldığına görə xərclərimiz də azalıb. Biz öz fəaliyyətimizi ancaq daxili resurslar hesabına qururuq. Biz xarici borclanmaya meyilli deyilik. Onsuz da manatın devalvasiyasından sonra bizim xarici borcumuz artıb. Çünki xarici dövlət borcu dollarla hesablanır və əgər devalvasiyaya qədər xarici dövlət borcumuz təxminən 7-8 faiz təşkil edirdisə, bu gün xarici borc 11-12 faizə qalxıb. Ona görə yox ki, biz əlavə kreditlər götürmüşük. Ona görə ki, manat qiymətdən düşüb. On iki faiz də çox gözəl göstəricidir. İnkişaf etmiş ölkələrin bəzilərində bu, 100 faizdən çoxdur. Ancaq biz istəyirik ki, xarici borcumuz 10 faizi keçməsin. Buna nail olmaq üçün biz gələcəkdə də öz fəaliyyətimizi ancaq daxili imkanlar hesabına qurmalıyıq. Ona görə, biz qazandığımıza müvafiq olaraq xərcləri nəzərdə tutmalıyıq. Ona görə, infrastruktur layihələrinin icrasında imkan daxilində işlər görülüb. Kənd yolları, içməli su, kanalizasiya layihələri, qazlaşdırma ilə bağlı layihələr - bütün bunlar bu il də icra edilib və mənim bölgələrə mütəmadi səfərlərim imkan verir ki, bu gözəl dəyişiklikləri, inkişafı öz gözümlə görüm.
Bu il 87 min yeni iş yeri yaradılmışdır ki, onlardan 67 mini daimi iş yeridir. Bu da gözəl göstəricidir. İş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Mən bunu dəfələrlə demişəm və biz iqtisadi inkişaf modelimizi buna uyğun şəkildə qurmalıyıq. Çünki Azərbaycanda iqtisadi inkişaf, sabitlik, xalqın rifahının artması nəticəsində çox müsbət demoqrafik vəziyyət yaranmışdır. Hər il yüz mindən çox insan doğulur və belə olan halda əlbəttə ki, gələcəkdə biz yeni iş yerlərinin yaradılması üçün əlavə tədbirlər görməliyik. Ona görə, bu sahədə də yeni inkişaf strategiyamız müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq.
Regionlarda yaradılan iş yerləri, əlbəttə ki, ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına xidmət göstərir. Ancaq onu da qeyd etməliyəm ki, 9 ayda baxmayaraq, 67 min daimi iş yeri yaradılıb, 30 minə yaxın iş yeri bağlanıb. Bu da reallıqdır. Biz bu reallığı bilməliyik və burada ciddi təhlil aparılmalıdır ki, bu prosesin səbəbləri nədən ibarətdir. Əslində bu, təbii bir prosesdir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yeni iş yerləri açılır və bağlanır. Həmişə bizdə müsbət saldo müşahidə olunub, bu gün də belədir. Hətta böhranlı ildə 67 min daimi iş yerinin açılması böyük nəticədir. Yəni, əgər bağlanan iş yerlərini çıxsaq, 40 minə yaxın yeni iş yeri yaradılıb. Ancaq bununla bərabər, biz bağlanan bu iş yerlərinin təhlilini aparmalıyıq və bilməliyik ki, bu proseslər hansı səbəblər üzündən baş verir. Obyektiv səbəblər də, subyektiv səbəblər də ola bilər. Biz bu gün bu barədə danışacağıq.
Ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən nəqliyyat sektorudur. Bildiyiniz kimi, son illər ərzində bu sektora bəlkə də bütün infrastruktur layihələri arasında ən böyük vəsait ayrılmışdır. Çünki bizim coğrafi vəziyyətimiz diktə edir ki, burada – həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılmalı, həm də tranzit imkanlarımız genişlənməli, bizə daha da böyük həcmdə siyasi və iqtisadi dividentlər gətirməlidir.
Nəqliyyat sektorunun gələcək inkişafı daha da düşünülmüş şəkildə olmalıdır. Bu gün yüklər uğrunda mübarizə gedir. Bu gün yeni tranzit marşrutları açılır. Bölgə ölkələri rəqabət aparır. Bu da təbiidir, o vaxta qədər ki, bu, sağlam rəqabətdir. Azərbaycan da burada passiv bir müşahidəçi olmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq. Ona görə, bu, çox ciddi məsələdir. Mən iclasın sonunda bu məsələyə daha da geniş toxunacağam.
Onu qeyd etmək istəyirəm ki, bu il Azərbaycanın tranzit imkanlarını genişləndirmək üçün çox əlamətdar hadisələr baş vermişdir. Avqust ayında Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana birinci konteyner qatarı gəlmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə Azərbaycanın məsuliyyət daşıdığı hissəsi artıq istifadə üçün hazırdır. Bildiyimə görə, Türkiyə ərazisində son işlər aparılır. Verilən məlumata görə, gələn il Türkiyə ərazisində də bu xətt hazır olmalıdır. Belə olan halda bütün müvafiq qurumlar, əlbəttə ki, koordinasiya şəklində işləməlidir və bu xətt bizə çox böyük xeyir gətirəcək. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı çox yaxşı nəticələr var və bu da Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini daha da artıracaq.
"Cənub" qaz dəhlizinin yaradılması ilə bağlı 9 ayda çox gözəl, önəmli işlər görülmüş, addımlar atılmışdır. Bildiyiniz kimi, "Cənub" qaz dəhlizi ölkəmizin təşəbbüsü idi və artıq həm "Şahdəniz-2" yatağının işlənməsi, həm TANAP layihəsinin icrası istiqamətində ciddi praktiki addımlar atılır. Biz çalışırıq və çalışacağıq ki, bu layihə vaxtında icra edilsin. Biz çalışmalıyıq ki, layihənin önəmli hissəsi olan TANAP, - Azərbaycan əsas səhmdardır və bütün məsuliyyət də bizim üzərimizdədir, - vaxtında - 2018-ci ildə istifadəyə verilsin.
Digər layihələrdə - "Şahdəniz-2" və TAP layihələrində Azərbaycan əlbəttə ki, səhmdardır, ancaq biz əsas səhmdar deyilik. Ona görə, əsas operator məsuliyyəti başqa qurumların üzərinə düşür. O ki qaldı TANAP layihəsinə, Azərbaycan orada əsas sahibkardır. Ona görə, bizim məsuliyyətimizdə olan bu layihə əminəm ki, vaxtında icra ediləcək.
Daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur. Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər.
Ordu quruculuğu gələn il də prioritet sahə olaraq qalacaq. Bu sahəyə nə qədər lazımdırsa vəsait ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir. Bu il Hərbi Dəniz Qüvvələrinin böyük bazası istifadəyə verilmişdir. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş qabiliyyətimiz artır. Təmas xəttindəki vəziyyət Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk.
Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Əlbəttə ki, Ermənistan tərəfi dərhal həmişə olduğu kimi, hay-haray qaldırdı. Ancaq burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri deyil. Yəni, Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır. Bu, gün kimi aydın bir məsələdir. Əfsuslar olsun ki, bunu beynəlxalq ictimaiyyət, vasitəçilər görmək istəmirlər və işğalçıya ciddi siqnallar göndərilmir. Ona görə, onlar azğınlaşıblar və bizə qarşı müxtəlif təxribatlara əl atırlar. Ancaq hər dəfə onların təxribatları iflasa uğrayır. Necə ki keçən ilin noyabrında bizim mövqelərimizə hücum edən helikopter məhv edildi. Bu ilin sentyabr ayında böyük itkilər verdilər və hər dəfə biz onların cəzasını verəcəyik.
Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən əhəmiyyətsiz deyil. Məsələ beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Biz isə iqtisadiyyatımızı gücləndiririk, ordumuzu gücləndiririk və istənilən vaxtda lazımi tədbirləri də görəcəyik.
Erməni diktatoru hətta Ermənistanın rəsmi mövqeyinə tamamilə zidd olan bəyanatlar verir. Bəyan edir ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Bunu bütün dünya ictimaiyyəti, BMT belə qəbul edir və heç bir ölkə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi qəbul etmir, müstəqil qurum kimi də qəbul etmir və qəbul etməyəcək. Ona görə, bu, çox qəribə, yumşaq desək, qeyri-adekvat və görünür ki, çox gərgin psixoloji durumda verilən bəyanat həm Ermənistanı işğalçı ölkə kimi ifşa edir, həm də rəhbərliyini biabır edir. Çünki indi hər bir insan danışdığının məsuliyyətini daşımalıdır, xüsusilə böyük vəzifə sahibləri. Ancaq xunta rejimindən bundan artığını gözləmək də çətindir. Çünki Ermənistanın bugünkü hakimiyyəti hərbi canilərdir, Xocalı soyqırımını törədənlərdir. Azərbaycan torpaqlarının işğalında dinc əhaliyə qarşı aparılan etnik təmizləmə siyasətində fəal iştirak edənlərdir. Onlardan bundan artığını gözləmək mümkün deyil. Ancaq o da həqiqətdir ki, bu gün Ermənistanda hökm sürən xunta və diktatura rejimi Ermənistan xalqı üçün də təhlükəyə çevrilib. Ermənistan xalqı da artıq buna dözə bilmir, bu kriminal, korrupsioner rejimdən bezib. Ermənistandan köç gedir. Vəziyyət o həddə çatıb ki, onlar indi Azərbaycana pənah gətirirlər, Azərbaycana gəlirlər. Görün bu rejim nə dərəcədə azğınlaşıb, əhaliyə qarşı nə qədər çirkin əməllər görür ki, hətta bu gün Azərbaycana Ermənistandan insanlar köçür və burada rahat yaşayır. Çünki Azərbaycanda nəinki milli, dini zəmində heç bir qarşıdurma, heç bir anlaşılmazlıq da ola bilməz.
Azərbaycan bu gün güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıbdır. Regional təhlükəsizlik məsələlərində Azərbaycan çox müsbət rol oynayır. Azərbaycan sabitləşdirici amildir. Bizim iştirakımız, razılığımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. İqtisadi və hərbi potensialımız bizim gücümüzü daha da artırır və biz bu gün təmas xəttində vəziyyətə nəzarət edirik. Getdikcə bizim gücümüz artacaq, Ermənistan daha da zəifləyəcək. Çünki inkişaf üçün Ermənistanda heç bir imkan yoxdur. Heç bir obyektiv amil yoxdur ki, Ermənistan bu diktatura rejimi altında inkişaf etsin.
Biz isə öz yolumuzla gedəcəyik. Biz ilin sonuna qədər bütün vəzifələri icra edəcəyik. Gələn ili də əminəm ki, uğurla başa vuracağıq.
Dövlətimizin başçısı iclasda yekun nitqi söylədi.
Prezident İlham Əliyevin yekun nitqi
- İlin sonuna iki ay yarım vaxt qalır. Əminəm ki, ilin sonuna qədər görüləsi bütün işlər icra olunacaq və biz 2015-ci ili yaxşı göstəricilərlə başa vuracağıq.
Makroiqtisadi sabitliyin qorunması gələn il də prioritet olaraq qalacaq. Çünki bu, çox vacib sahədir. Hər bir ölkənin makroiqtisadi sabitliyi əsas şərtdir.
İslahatlar daha da dərinləşməlidir. İqtisadi islahatlar nəticəsində artıq böyük işlər görülüb. Bunu beynəlxalq qurumlar da qeyd edir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı yenə də çox yüksək pilləyə layiq gördü. Ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 40-cı yerdədir. MDB məkanında yenə də birinci yerdədir və bu, əslində görülən işlərin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, iqtisadi islahatları daha da dərinləşdirək və iqtisadiyyatı liberallaşdırmaq üçün əlavə tədbirlər görək.
"Fitch" reytinq agentliyinin də yüksək qiyməti bizi sevindirir. Bu, ədalətli yanaşmadır. Azərbaycanda görülən işlərin nəticəsidir ki, "Fitch", - baxmayaraq, bölgədə iqtisadi-maliyyə böhranı davam edir və dərinləşir, - Azərbaycana iqtisadi sahədə 3B investisiya reytinqini vermişdir. 3B reytinqi çox yüksək nəticədir. Ancaq biz çalışmalıyıq ki, daha da yüksək reytinqlərə nail olaq. Hesab edirəm ki, görüləcək əlavə tədbirlər nəticəsində biz buna da nail olacağıq.
Maliyyə nizam-intizamı gücləndirilməlidir. İsrafçılığa, izafi xərclərə yol verilməməlidir. Bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da yığışdırılmalıdır. İndi biz imkanımız nəyə çatırsa, onu da edirik. Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını uzatmalıdır və məhz bu siyasət bizi bütün mümkün olan iqtisadi risklərdən qorudu. Çünki əgər biz qazandığımızdan daha çox xərcləsəydik indi iqtisadi vəziyyətimiz ağır ola bilərdi. Ona görə, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır, bu tapşırıqlar verilmişdir. Bununla bərabər, vacib olan bütün layihələrə kifayət qədər vəsait ayrılacaq.
Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. Bir sözlə, maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir.
Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Daha çox büdcəyə vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar. Əlbəttə ki, vergi bazası genişləndirilməlidir. Bunu hamımız yaxşı bilirik ki, imkanlar kifayət qədər genişdir. Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Əfsuslar olsun ki, bizdə vergivermə mədəniyyəti hələ ki, tam oturuşmayıb.
Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət tələb, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır. O ki qaldı Dövlət Neft Fondundan ənənəvi transfertlərə, o transfertlər ancaq investisiya layihələrinə yönəlməlidir.
Mövcud vergidən azadolmalar və güzəştlər sisteminə yenidən baxılmalıdır. Bu praktika bizdə var. Biz bu praktikanı yerli istehsalı stimullaşdırmaq, yeni müəssisələrin yaradılması və xaricdən gətirilən avadanlıqları burada quraşdırmaq üçün tətbiq etmişik. Hesab edirəm ki, bu işlərə artıq yenidən baxılmalıdır. İxracyönümlü qeyri-neft sektorunun inkişafı o cümlədən vergi mexanizmləri vasitəsilə stimullaşdırılmalıdır.
Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik. Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq ediləcək. Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki görürük ki, inzibati tədbirlər və cəza tədbirləri bir çox hallarda öz səmərəsini vermir, müvəqqəti xarakter daşıyır, bəzi hallarda insanların dəyişməsi o qədər də böyük səmərə vermir. Ona görə, sistem xarakterli islahatlar davam etdirilməlidir, yeni təkliflər verilməlidir və əlbəttə ki, "ASAN xidmət"in təcrübəsi geniş tətbiq edilməlidir.
"ASAN xidmət"in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. Artıq 6 milyon insan qısa müddət ərzində "ASAN xidmət"ə müraciət etmişdir. İnsanların mütləq əksəriyyəti onlara göstərilən xidmətlərdən razıdır. "ASAN xidmət"də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür. "ASAN xidmət"də bu, mümkündürsə, başqa sahələrdə niyə mümkün deyil? Ona görə, burada hər bir dövlət qurumu nəticə çıxarmalıdır. "ASAN xidmət"in praktikası bütün yerlərdə tətbiq edilməlidir və "ASAN xidmət"in funksiyaları genişləndirilməlidir. Bu il də biz "ASAN xidmət"ə yeni funksiyalar vermişik, məhz o funksiyaları ki, ən çox korrupsiyaya uğramış sahələrə aid idi. Ona görə, burada mən hökumətdən yeni təkliflər gözləyirəm ki, hansı xidmətləri, hansı funksiyaları biz "ASAN xidmət"ə əlavə olaraq verməliyik. Bir daha demək istəyirəm ki, bütün başqa qurumlar da bu praktikanı tətbiq etməlidirlər.
Əlbəttə, vətəndaşlardan da çox şey asılıdır. Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır.
Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar. İndi bölgələrdə əsas infrastruktur layihələri demək olar başa çatır, yollar, kommunikasiyalar salınır, elektrik, qaz, su xətləri çəkilir. Ona görə, biznesin inkişafı üçün bölgələrdə və Bakıda yaxşı imkanlar var.
Biz isə çalışmalıyıq ki, xarici investisiyaları qeyri-neft sektoruna cəlb edək. Bu günə qədər xarici sərmayədarlar daha çox neft-qaz sektoruna maraq göstəriblər. Bu da təbiidir, çünki orada daha da böyük qazanc əldə edirlər. Amma bizim siyasətimiz ondan ibarətdir ki, əlbəttə, neft-qaz sektoruna da xarici sərmayə qoyulmalıdır və qoyulur. Nəzərə alsaq ki, indi "Cənub" qaz dəhlizi icra edilir, - əlbəttə, bu, böyük vəsait tələb edir, - ancaq bizim əsas prioritetimiz xarici sərmayəni qeyri-neft sektoruna cəlb etməkdir. Hesab edirəm ki, burada bütün qurumlar daha da fəal işləməlidirlər. Həm təqdimatlar keçirilməlidir, - əlbəttə, biznes forumlar keçirilir, biz xarici investorları maraqlandırırıq, - eyni zamanda, Azərbaycanda biznes mühiti yaxşılaşdırılmalıdır. Bunun üçün əlavə tədbirlər görülməlidir və mən hökumətdən təkliflər gözləyirəm ki, biznes mühitini biz hansı yollarla yaxşılaşdıra bilək.
Qeyd etməliyəm ki, Azərbaycanda aparılan islahatlara beynəlxalq maliyyə qurumları, mötəbər beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymət verilir. Əslində, bugünkü Azərbaycan reallıqları bunu göstərir. Belə çətin geosiyasi vəziyyətdə - həm siyasi, həm iqtisadi - maliyyə böhranının mövcudluğu şəraitində biz iqtisadiyyatımızı inkişaf etdiririk. Ancaq mən istəyirəm ki, inkişaf daha da sürətli olsun. İnkişafa mane olan bütün əngəllər, süni maneələr aradan götürülsün. Bir çox hallarda bu süni əngəllər yenə də korrupsiya və rüşvətxorluqla bağlıdır. Ona görə, korrupsiya, rüşvətxorluq sadəcə olaraq ictimai yara, xəstəlik deyil. Bu, bizim iqtisadiyyatımıza çox böyük əngəldir, maneədir. Ona görə, biznes mühitinin yaxşılaşdırılması prioritet məsələ kimi qeyd edilməlidir.
Bununla bərabər, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə də böyük ehtiyac var, bu sahəyə yenidən baxmalıyıq. İndi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vaxt var idi bizim iqtisadi artım ildə 20-30 faiz təşkil edirdi. Bu, əlbəttə ki, neft hasilatının kəskin şəkildə artması və neft qiymətlərinin qalxması ilə bağlı idi. İndi o dövr arxada qaldı. İndi neft hasilatı Azərbaycanda sabitləşib və əminəm ki, uzun illər bundan sonra sabit olaraq qalacaqdır. Əlbəttə ki, biz indi böyük qaz layihəsi üzərində işləyirik. Bu da bizə əlavə gəlir gətirəcək. Bununla bərabər, hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir.
Qeyri-neft sektorunun inkişafı, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Qeyd etdiyim kimi, artıq ümumi daxili məhsulumuzun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Bu, çox gözəl göstəricidir. Ancaq o da həqiqətdir ki, biz ixracda, əlbəttə, başqa mənzərə ilə üzləşirik. Bu da yəqin ki, təbiidir, çünki bizim əsas ixrac məhsullarımız neft-qaz məhsullarıdır. Bununla bərabər, son illər ərzində biz daha çox daxili bazarı yerli məhsullarla təmin etməyə, idxaldan asılılığı azaltmağa çalışmışıq və demək olar ki, buna nail oluruq. Ona görə, bundan sonra çalışmalıyıq ki, qeyri-neft sektorunda istehsal edilən məhsullar rəqabətqabiliyyətli məhsullar olsun və biz ixracyönümlü siyasət aparmalıyıq.
Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq. Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq.
Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər.
Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq.
İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda. Burada da, bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq. Burada artıq deyildi ki, biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun. Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!
Bu il "Kənd təsərrüfatı ili"dir. Qeyd etdiyim kimi, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. Kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi sahədir. Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Burada artıq qeyd edildi ki, 30 iri fermer təsərrüfatı yaradılmışdır, 40 min hektar yeni torpaq sahəsi dövriyyəyə buraxılmışdır. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülür. Bu, çox yüksək göstəricidir. Nəzərə alsaq ki, son illərə qədər bizdə orta məhsuldarlıq 25-26 sentner idi. Bu il isə orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Bu da rekord göstəricidir. Ona görə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə tədbirlər görüləcək. İndi yeni əkin sahələri dövriyyəyə buraxılacaq. Yaradılmış iki böyük su anbarının – Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, biznes plan hazırlanır. Özəl qurumlar da buna maraq göstərsinlər. Yeni yaradılacaq əkin sahələrində məhsullar yetişdiriləcək və onların böyük hissəsi ixrac edilməlidir.
Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır. Qeyd etdiyim kimi, Azərbaycanda qeyri-neft sənayesi 10,2 faiz artmışdır. Texnoparklar salınır. Bu da öz səmərəsini verir. Sumqayıt Kimya Sənaye Parkında 1 milyard dollar dəyərində sərmayə qoyuluşu gözlənilir. Artıq işlər başlayıb. Bizim bütün rayonlarımızda xüsusi sənaye zonaları yaradılmalıdır. Artıq pilot layihəsi həyata keçirilir, əminəm ki, uğurlu olacaq.
İnfrastruktur layihələrinin davam etdirilməsi nəzərdə tutulur. Kənd yolları, qazlaşdırma, içməli su layihələri - bütün rayonlarda bu proseslər geniş vüsət almışdır. Ceyranbatan su anbarında yeni təmizləyici qurğunun artıq istismarı gözlənilir. Bu da çox böyük layihədir. Bir neçə il bundan əvvəl mənim iştirakımla o layihənin təməl daşı qoyulmuşdur. Bu gün artıq demək olar ki, bu layihə hazırdır. Bakını təmiz, içməli su ilə təmin etmək üçün bu layihənin əvəzsiz rolu olacaqdır. Eyni zamanda, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Məktəb, xəstəxana, uşaq bağçası – bu, daim diqqət mərkəzindədir. Gələn ilin dövlət investisiya proqramında bu layihələr nəzərdə tutulmalıdır.
Dərman preparatları bazarında çox ciddi dönüş yaradılmışdır. Dövlət bu sahəni artıq öz nəzarətinə götürüb. Əvvəlki illərdə bu, daha çox biznes sahəsi kimi qəbul edilirdi. Yəni ki, bazar var, tələbat var, təklif var. Bazar hər şeyi tənzimləyir. Ancaq bu məsələ ilə bağlı dərindən məşğul olmağa başlayanda gördük ki, burada çox böyük pozuntular var.
Bəzi dərmanların qiymətləri bir neçə dəfə şişirdilir. Keyfiyyət baxımından da bizi o qədər də qane etmir. İndi artıq yeni dövlət tənzimləmə mexanizmi tətbiq edilir. Sentyabrın 15-dən artıq insanlar bunu hiss etməyə başlayıblar. İlin sonuna qədər artıq əksər dərman preparatlarının yeni qiymətləri olacaqdır. Dərmanların keyfiyyətinə də çox böyük diqqət göstərilir. Dərmanların qiyməti aşağı düşür və düşəcək. Bu da ilk növbədə çox ciddi sosial addımdır. Digər tərəfdən, bu, o sahədir ki, orada işlər düzgün qurulmamışdır. Elə sahələr kifayət qədər çoxdur. Ona görə, hər bir sahə təhlil edilməlidir. Harada qüsurlar, çatışmayan cəhətlər var aradan qaldırılmalıdır. Dərman preparatları bazarı ilə bağlı demək olar ki, bir ilə yaxın çox ciddi iş, təhlil aparılırdı və artıq gözəl nəticə də var. İnsanlar da razıdır. Dövlət də indi bu sahəni öz nəzarətinə götürüb. Əminəm ki, idxal olunan dərmanlardan əldə ediləcək vergi, gömrük rüsumu formasında vəsait daha da böyük həcmdə olacaq. Yəni, büdcəmizə də bunun böyük xeyri olacaq.
Mən giriş sözümdə qeyd etdim ki, nəqliyyat sektoru gələcək inkişafımız üçün çox mühüm əhəmiyyət kəsb edir. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçməlidir. Bu gün Azərbaycan ərazisindən yük daşımaları aparılır, ancaq bəzi hallarda yüklərin həcmi azalır. Bunun obyektiv səbəbləri var. İndi biz onu da qeyd etməliyik. İndi dünyada böhran yaşanır, həm Asiyada, həm Avropada, ümumiyyətlə, iqtisadi fəallıq böyük dərəcədə aşağı düşüb. Asiya, Avropa bizim ərazimiz vasitəsilə ticarət aparır. Ona görə, obyektiv səbəblər də, subyektiv səbəblər də var.
Biz son illərdə çalışmışıq ki, Azərbaycanda nəqliyyat, logistika mərkəzini yaradaq və buna böyük dərəcədə nail ola bilmişik. Yeni gəmilər, bərələr, tankerlər, yük gəmiləri, yeni yük təyyarələri alınmışdır. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Dəmir yolunun inkişafı ilə bağlı tədbirlər görülür. Bizi qonşu ölkələrlə bağlayan avtomobil yolları tikilmişdir. Əfsuslar olsun ki, hələ bu layihələr tam başa çatmayıb. Ancaq onların böyük hissəsi görülübdür. Əlbəttə yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq. Yəni, bu, dövlət vəsaiti hesabına görülən işlərdir. Burada heç bir özəl vəsait qoyulmayıb. İndi, bəzi hallarda kreditlər verilib. Amma bu kreditləri də dövlət ödəyir. Dövlət öz siyasətini göstərib. Ancaq bununla bərabər, burada koordinasiya işləri aparılmalıdır. Ona görə ki, Şimal-Cənub dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, əfsuslar olsun ki, hələ başa çatmayıb. Halbuki bu layihənin başlamasından səkkiz il keçir. 2007-ci ildə biz üç ölkə bu layihəyə start verdik. Qeyd etdiyim kimi, Azərbaycanın məsuliyyəti çərçivəsində olan məsələlər öz həllini tapdı. İndi Türkiyə ərazisində qalan işlər də görüləcəkdir. Biz bu yolu tezliklə işə salmalıyıq. Çünki indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır? Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır. Yaxın vaxtlarda mənə konkret təkliflər veriləcəkdir. Digər məsələ ondan ibarətdir ki, biz gərək gedək o yükləri gətirək. Biz gərək deyək ki, gəlin Azərbaycan ərazisindən keçin. Ona görə, burada bu iki amil çox ciddi məna daşıyır. Əminəm ki, burada qarşıya qoyduğum vəzifələr tezliklə öz həllini tapacaq.
Biz son vaxtlar şəhər nəqliyyatı ilə bağlı çox ciddi addımlar atmışıq. Yeni şirkət yaradılıbdır. "BakuBus" avtobusları ən yüksək səviyyəyə malikdir. Dünyanın bəlkə də ən gözəl, ən müasir avtobuslarıdır. Bunu da biz etmişik ki, insanlar ictimai nəqliyyatdan rahat istifadə etsinlər. Hesab edirəm ki, "BakuBus"ın fəaliyyəti genişləndirilməlidir. Çünki indi digər xidmətlərlə müqayisədə əlbəttə ki, insanlar "BakuBus"a üstünlük verir. Ona görə, hesab edirəm ki, gələn ilin dövlət büdcəsində də yeni avtobusların alınması üçün müəyyən vəsait nəzərdə tutulmalıdır. Biz hər il əlavə avtobuslar almaqla "BakuBus"ın fəaliyyətini daha da genişləndirə bilərik.
Metro tikintisi gedir. Əminəm ki, biz gələn il yeni stansiyaların açılışını qeyd edəcəyik. Bakı-Sumqayıt şəhərlərarası qatarlar da fəaliyyətə başlayıb. Müasir qatarlardır, yeni dəmir yolu xətləri çəkilib. Bütün bunlar insanların rahatlığı üçündür.
Birinci Avropa Oyunlarından sonra Azərbaycana maraq daha da artır və əminəm ki, bu, turizm sektorunda da özünü göstərəcək. Turistlərin cəlb edilməsi siyasəti də aparılmalıdır. Biz yenə də burada daha çox fəal olmalıyıq. Birinci Avropa Oyunları ölkənin bir təqdimatı idi. Biz Azərbaycanı bütün Avropaya, dünyaya müasir, gözəl, inkişaf edən ölkə kimi tanıtdıq. Bakını isə dünyanın ən gözəl şəhərlərindən biri kimi tanıtdıq. Əlbəttə ki, bizə maraq daha da artır. Gələn il "Formula-1" yarışması da, - bu da miqyasına görə bəlkə də dünyada birinci, ya ikinci yarışmadır, - əlavə diqqət cəlb edəcək. Bu, gözəl imkanlardır ki, biz xarici turistləri Azərbaycana cəlb edək. Bu proses gedir, ancaq daha da sürətlə gedə bilər.
Nəhayət, gələn il "Cənub" qaz dəhlizinin yaradılması ilə bağlı çox ciddi işlər görülməlidir. Artıq praktiki inşaat işləri başlayır. Bu da koordinasiya tələb edir. Burada bütün qurumlar elə işləməlidir ki, bir gün də yubanma olmasın. "Cənub" qaz dəhlizi Azərbaycanın təşəbbüsü və qonşu ölkələrin fəal iştirakı ilə reallaşan böyük transmilli layihədir. Bu layihə Azərbaycanın uzunmüddətli maraqlarını təmin edəcək. Siyasi, iqtisadi, enerji maraqlarını təmin edəcək, Azərbaycanı dünya üçün daha da önəmli ölkəyə çevirəcək və mən çox şadam ki, "Cənub" qaz dəhlizinin bütün iştirakçıları, bütün ölkələr burada bir mövqedədirlər. Bilirsiniz ki, Azərbaycanın təşəbbüsü ilə bu ilin fevral ayında "Cənub" qaz dəhlizinin birinci Məşvərət Şurası da Bakıda keçirilmişdir. Şuranın qəbul etdiyi bəyannamə də Azərbaycanın liderlik rolunu bir daha təsdiqləyir. Bu, böyük şərəfdir, böyük məsuliyyətdir. Bu günə qədər bizim təşəbbüsümüzlə icra edilən bütün layihələr uğurla nəticələnib. Əminəm ki, "Cənub" qaz dəhlizi də Azərbaycanın növbəti qələbəsi olacaqdır. Sağ olun.