Çində “Swatch” saatları ilə alış üçün ödənişlər mümkün olub
İsveçrənin kapitallaşma həcminə görə dünyanın iri “Swatch Group” saat istehsalçısı Çində yeni elektron saat təqdim edib. Saatın fərqləndirici cəhəti ondan alış-veriş zamanı ödənişlər etməyin mümkün olmasındadır.
“Swatch Bellamy” adlanan saat “Apple” və digər istehsalçıların smart saatlarından fərqli olaraq smartfonla bağlantı yaratmır və internetə çıxış imkanına malik deyil, lakin o, simsiz rabitə üçün bank kartlarındakı çipin bənzəri olan mikroçiplə təchiz edilib.
Növbəti ilin yanvarında Çində satışa çıxarılacaq saatın qiyməti 580 yuan (91 dollar) təşkil edəcək. Saatın digər bazarlara sonradan çıxarılması nəzərdə tutulur.
“Swatch” ödəniş sistemini işə salmaq üçün Çinin iri “China UnionPay” prosessinq mərkəzi və “Bank of Communication” dövlət bankı ilə tərəfdaşlıq sazişi imzalayıb.
2014-cü ildə Çində mobil ödənişlərin həcmi 134 faiz artaraq 3,6 trilyon dollara çatıb. Həmçinin “IHS” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, dünya daşınan qurğular bazarının həcmi 2019-cu ilədək 32,2 milyard dollar təşkil edəcək, -
"Interfax” yazır.