Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ödəniş sistemlərində elektron və avtomatlaşdırılmış vasitələrdən istifadə ənənəvi bank filiallarının rolunu azaldır


Yeni bank xidməti təchizatçılarının yaranması ödəniş sistemlərində yeni tendensiyalar yaradıb. Belə ki, bank filiallarının bazarına qeyri-banklar da daxil olur. Bunların  əsas nümunələri mobil operatorlar, “müxbir” banklar, digital valyutaların ödəniş vasitəsi kimi istifadə olunması və “Peer-to-peer” adlanan kreditlərdir.  “İctnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mərkəzi Bankın (MB) ekspertləri çıxış ediblər.

MB-nin “Tədqiqat bülleteni”də çıxış edən ekspertlər bildirir ki, mobil operatorların ödəniş sistemlərində rolu sürətlə artır. Mobil operatorların öz xidmət dairəsini hətta ən ucqar ərazilərdə yaşayan insanlara da çatdırması həmin istifadəçilərin maliyyə vasitələrinə çıxışını təmin edir. Bu isə öz növbəsində nağdsız ödənişlərin inkişafını dəstəkləyir.
 
Mobil operatorlar və dünya praktikası
 
MB-nin mütəxəssisləri bildirir ki, dünya praktikasında mobil operatorların təklif etdiyi əsas xidmətlərə nümunə olaraq SMS vasitəsilə ödənişlər, əvvəlcədən ödənilən təmassız kartların istifadəsi və sim kartlara yüklənmiş şəkildə elektron pulları göstərmək olar. “Müxbir” banklar bəzi ölkələrdə bank filiallarının göstərdiyi xidmətləri yerinə yetirməyə başlayıb. Belə ki, bank agentləri rolunda lotereya satış məntəqələri, poçt idarələri və pərakəndə satıcılar çıxış edirlər. Göstərilən xidmətlərə isə kommunal ödənişlər, depozit qoyuluşu, nağd pulun çəkilməsi və pul köçürmələri daxildir. “Müxbir” bankların əsas üstünlüyü xərclərin az və müştərilər üçün daha əlçatan olmasıdır. Rəqəmsal (digital) valyutalar ödənişlər sahəsində ən son yeniliklərdən biridir. Rəqəmsal valyutaların əsas xüsusiyyətlərindən biri mərkəzləşdirilmiş (decentralized) olmamasıdır. Kriptoqrafiya qaydalarından istifadə etdiyinə görə rəqəmsal valyutaları kriptovalyutalar da adlandırırlar. Son illər fəaliyyət dairəsini genişləndirən “Peer-to-peer” maliyyələşmə borcalan və investorlar arasında bank olmadan maliyyə axınını təmin edir. Bu sistemin işləmə mexanizminə gəlincə, istifadəçilər “peer-to-peer” internet səhifəsində borc alan və ya sərmayəçi kimi qeydiyyatdan keçirlər. Borc alan borc almaq üçün anket təqdim edir. Əgər internet səhifəsinin mütəxəssisləri tərəfindən təsdiq olunarsa, həmin borc alanın məlumatları vəsait cəlb etmək üçün internet səhifəsinə yerləşdirilir. Sərmayəçilər riskləri azaltmaq üçün adətən kreditləri müxtəlif borcalanlar arasında diversifikasiya edir. İnternet və sosial şəbəkələrin inkişafı “peer-topeer” maliyyələşmə üçün əsas amil olub. Belə ki, ən böyük “peer-topeer” maliyyələşmə portallarından biri olan “Lending Club” ilk dəfə “Facebook” sosial şəbəkəsinin bir tərkibi kimi yaradılıb.
 
İKT-nin inkişafı banklara öz fəaliyyətlərinə yenidən baxmağa sövq edir
 
Yuxarıda qeyd edilən tendensiyaları nəzərə alaraq banklar öz filiallarının strukturunu və qeyri-banklarla münasibətlərini yenidən nəzərdən keçirməli olurlar. Artıq dünyanın qabaqcıl bankları tərəfindən tətbiq olunan və hazırda genişlənən belə tədbirlərə filialların yenidən dizaynı və yeni bank xidməti  təchizatçıları ilə birgə fəaliyyət nəticəsində nağdsız ödənişlərin stimullaşdırılması daxildir. Bu cür əməkdaşlığa bankların smartfon istehsalçıları ilə əməkdaşlığı nəticəsində yaradılan və istifadəçi üçün rahat olan mobil proqram təminatı, elektron ticarət platformaları və s. daxildir. Filialların yenidən dizaynı zamanı nəzərə alınan əsas məqamlar isə filialların yerini və iş vaxtını müştərilərin daha rahat istifadə edəcəyi şəkildə müəyyən etməkdir. Həmçinin, xidmət sahəsində avtomatlaşdırılmış vasitələrdən istifadə bank filiallarının xərclərinin azalmasına və qeyri-banklarla rəqabətə tab gətirməsinə kömək edir.

Təmassız ödənişlər və son meyillər
 
“Tədqiqat bülleteni”ndə qeyd edilir ki, Böyük Britaniya Kartlar Assosiasiyası tərəfindən dərc olunan məlumata əsasən, 2014-cü ilin mart ayı üzrə təmassız kartlarla edilən ödənişlərin həcmi 100 mln. Funt-sterlinqi keçib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Aylıq təmassız ödənişlərin sayı isə bir il ərzində 3 dəfədən çox artıb.  Hazırda təmassız kartlardan təhlükəsizlik məqsədi ilə əsasən kiçik ödənişləri yerinə yetirmək üçün istifadə olunur. Təmassız kartların təhlükəsizlik sistemi kredit və debet kartlarında tətbiq olunan təhlükəsizlik sistemilə eynilik təşkil edir. Ödənişi daha sürətli etmək üçün hər dəfə təhlükəsizlik kodu tələb olunmur, buna baxmayaraq itirilmə və oğurluq hallarının olmasını nəzərə alaraq təhlükəsizlik kodu bir neçə əməliyyatdan sonra tələb oluna bilər.
 
Nağdsız ödənişlərdə barmaq izi
 
Təmassız ödənişlər üzrə ən son yeniliklərdən biri də “Apple” şirkəti tərəfindən “Iphone 6” telefon modelində, həmçinin “Apple” qol saatlarında təqdim olunan “Apple Pay” ödəniş sistemidir. Bu cihazlarda yerləşdirilən “NFC (Near-field communication)” texnologiyasının köməyi ilə ödənişlər telefonu və ya qol saatını POS-terminala yaxınlaşdırmaqla həyata keçirilir. Göstərilən texnologiya avtomatik olaraq POS-terminalın müştərinin hesab detallarını tanımasına imkan yaradır və müştəri sadəcə barmaq izi ilə ödənişi təsdiqləyir. Bu isə ödənişin daha sürətli həyata keçməsini təmin edir. Biometrik tanınmanın, yəni barmaq izinin istifadə olunması təhlükəsizlik risklərinin minimuma endirilməsinə kömək edir.

“Apple Pay” sisteminin digər oxşar məhsullardan üstünlüyü ondadır ki, artıq “Itunes”-da (Apple şirkətinə məxsus olan musiqi və video bazası) qeydiyyatdan keçmiş istifadəçilərin yenidən bank detallarını daxil etməsinə ehtiyac yoxdur. Artıq ABŞ-da bir neçə böyük şəbəkə (McDonald’s, Walgreens, Subway) tərəfindən “Apple Pay” vasitəsilə ödənişlər qəbul edilir. “Apple Pay” vasitəsilə ödənişlərin Avropada da
tətbiq ediləcəyi gözlənilir.

Seymur Qasımbəyli




14/10/15    Çap et