Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məktəblərdə “Ümumdünya kosmos həftəsi” maarifləndirmə aksiyaları keçirilib


"Ümumdünya kosmos həftəsi" çərçivəsində məktəblilər arasında maarifləndirmə aksiyaları keçirilib.
 
Təhsil Nazirliyindən bildirilib ki, həftə ərzində astrofizika üzrə mütəxəssislər Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərində təhsil alan 300-ə qədər şagirdə, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvlərinə kosmosa, astronomiyaya aid maraqlı mühazirələr oxuyublar. Bundan əlavə, maarifləndirmə tədbirlərində ali məktəb tələbələri də iştirak ediblər. Mövzuya aid filmlər nümayiş etdirilib, interaktiv müzakirələr aparılıb. "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda məktəblilərin iştirakı ilə astronomik gecə təşkil olunub və teleskoplar vasitəsilə ulduzlu səma müşahidə edilib.
 
 Ödənişsiz keçirilən tədbirin iştirakçılarına "National Geographic" jurnalları və digər hədiyyələr  təqdim olunub.
 
 
"Ümumdünya kosmos həftəsi" çərçivəsində Park Bulvarda təşkil olunmuş astronomik guşə də paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb.
 
 
BMT tərəfindən hər il bütün dünyada qeyd olunan "Ümumdünya kosmos həftəsi" çərçivəsində keçirilən bu tədbirlər Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Elmin İnkişafı Mərkəzi, Tusi-Bohm Planetariumu və "EkoSfera" təşkilatının birgə əməkdaşlığı ilə reallaşdırılıb.
 
 
Həqiqət İSABALAYEVA




15/10/15    Çap et