2015-ci ildə dünya yarımkeçiricilər sahəsinə kapital qoyuluşları 1 faiz azalacaq
"Gartner" analitik şirkəti 2015-ci il üçün dünya yarımkeçiricilər sahəsinə kapital qoyuluşlarının həcmi üzrə proqnozu azaldıb. Bu il yarımkeçirici istehsalçılarının istehsalın inkişafına 63,9 milyard dollar xərcləyəcəyi gözlənilir ki, bu da ötən ilin 64,6 milyard dollarlıq göstəricisindən 1 faiz aşağıdır. Bundan əvvəl mütəxəssislər investisiyalarda 2,5 faizlik artım proqnozlaşdırmışdılar.
Lakin 2015-ci ilə nisbətdə yaddaş mikrosxemləri istehsalına xərclərin azaldılmasına görə 2016-cı il üçün kapital qoyuluşlarının 3,3 faiz azaldılmasını nəzərdə tutan proqnoz isə qüvvəsində qalıb.
"DRAM" yaddaş bazarının artan zəifliyini nəzərə alan analitiklər 2015-ci il üçün "DRAM" sektorunda kapital qoyuluşları üzrə proqnozu xeyli azaldıblar. Proqnoza görə, istehsalın inkişafına xərclər burada 0,2 faiz artacaq, halbuki əvvəllər 29 faiz artım gözlənilib.
Mütəxəssislərin fikrincə, "DRAM" istehsalçıları yeni istehsalın deyil, mövcud istehsalın işinin dəstəklənməsinə və avadanlığın modernləşdirilməsinə böyük diqqət yetirməyə başlayacaqlar.
"NAND" sektoru ilə bağlı analitiklərin proqnozu, əksinə, yaxşılaşıb. Bu il bu sahədə kapital qoyuluşları 0,1 faiz artacaq, halbuki "Gartner"-in əvvəlki qiymətləndirməsi 19,4 faizlik azalmanı nəzərdə tutub.
Analitiklərin qənaətinə görə, 2015-ci ilin sonunda, 2016-cı ilin əvvəlində yarımkeçirici istehsalçıları investisiyaları bölüşdürəcək və "DRAM" istehsalının inkişafı üçün nəzərdə tutulan vəsaitlərin 10 faizini "NAND" sektoruna yönəldəcək.
Qeyd edək ki, ötən həftə "Gartner" növbəti dəfə dünya yarımkeçiricilər bazarı üzrə proqnoza yenidən baxaraq onu azaldıb. Hazırda burada mədaxilin 2014-cü illə müqayisədə 0,8 faiz azalaraq 337,8 milyard dollar səviyyəsində olacağı gözlənilir, - "
DailyComm" yazır.