Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın əsas investorları və böyük şirkət sahibləri bir araya gələrək Azərbaycanla İKT əməkdaşlığını müzakirə ediblər


Dünyanın əsas investorları və böyük şirkət sahibləri Brüsseldə bir araya gələrək Azərbaycanla əməkdaşlıq istiqamətlərini və ortaq layihələrin işlənməsi kimi mühüm məsələləri müzakirə ediblər.


Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi bu biznes forumda ölkəmizin İKT potensialı, biliklərə söykənən iqtisadiyyatına yatırıla biləcək investisiya imkanları, Azərbaycanın beynəlxalq aləmə təqdim etdiyi İT xidmətləri,  eləcə də infrastruktur və enerji layihələri gündəliyin əsas mövzularından olub.
 
Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyəti bilik mübadiləsi platforması kimi fəaliyyət göstərir. Bu platforma biznes şəbəkənin yaradılmasına kömək edir, enerji sektoru üçün investisiya imkanlarını gücləndirir, dövlətlər arasında strateji kommersiya əlaqələrinin inkişafına xidmət edir, İKT əməkdaşlığının genişləndirilməsi istiqamətində öz köməkliyini göstərir.
 
 
Forumda Belçika, Çex Respublikası, Fransa, İtaliya, Macarıstan, Almaniya, Lüksemburq, Slovakiya, Niderland, İspaniya, İngiltərə və sair dövlətləri təmsil edən şirkət təmsilçiləri iştirak edib.
 
 
Forumun İKT mövzusuna həsr edilən 4-cü sessiyasında bildirilib ki, Azərbaycan böyük investisiya potensialına malikdir. Beynəlxalq investorlara sözügedən imkanlar barəsində məlumat verilərək ölkəmizin gələcək inkişafına təsir göstərən mövzular barəsində danışılıb.
 
 Bildirilib ki, Azərbaycan digər sahələrdə olduğu kimi, biliklər iqtisadiyyatında rəqabət qabiliyyətinin artırılmasında və elektron ticarətin inkişafını sürətləndirməsi üçün hüquqi bazanın yaradılmasında İKT-yə əsaslanan infrastrukturun inkişaf etdirilməsinin vacibliyini qəbul edir və bu yolda çox mühüm addımlar atmaqdadır. Respublikamızda İKT-nin ən yüksək templə inkişaf edən sektora çevrildiyi qeyd edilərək vurğulanıb ki, neft sənayesindən sonra ən çox yatırım yatırılan sahə məhz İKT sahəsidir.
 
Belə ki,  bu sektora ötən 10 il ərzində 3 milyard dollar investisiya yatırılıb.
 
Azərbaycan hazırda regionun İKT qovşağına, İKT mərkəzinə çevrilir. İnvestorların diqqətinə çatdırılıb ki, Azərbaycanda nəzərəçarpacaq, mühüm texnoloji inkişaf baş verir. 2013-cü ildə ölkə “Azerspace-1” adlı öz ilk telekommunikasiya peykini orbitə qaldırıb. Azərbaycan Cənubi Qafqazda beynəlxalq səviyyədə müştərilərə İT xidmətləri göstərən ilk dövlətə çevrilib.
 
 
Həmçinin, qeyd edilib ki, Azərbaycan stasionar telefon şəbəkəsini tam elektronlaşdırmaqla da region dövlətləri arasında ilkə imza atıb. Azərbaycan əhalisinin hamısının telefon xətləri ilə təchiz edildiyi və regional mərkəzlərin magistral fiber-optik şəbəkəyə birləşdirildiyi önə çəkilərək vurğulanıb ki, hazırda rəsmi Bakı TASİM  layihəsində mühüm rol oynayaraq qlobal bir layihənin həyata keçirilməsi istiqamətində real addımlar atmaqdadır.
 
 
Seymur Qasımbəyli




16/10/15    Çap et