Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda növbəti “Startap Günləri” keçiriləcək


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 6-8 noyabr tarixində  Yüksək Texnologiyalar Parkında növbəti “Startap Günləri” keçiriləcək.


“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ”Startap Azərbaycan” təşkilat komitəsinin təşkil etdiyi  “Startap Günləri”nin keçirilməsində məqsəd ölkədə yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki  dəstək vermək,  internet biznesin inkişafına təkan verərək milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.
 
“Startap Günləri” çərçivəsində konfrans və  yeni başlayan startapçılar üçün beynəlxalq ekspertin iştirakı ilə təlimlər keçiriləcək. “Startap Günləri”nin əsas tədbirlərindən biri də startapçıların  biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının yarışması olacaq.
 
Günlər çərçivəsində beynəlxalq səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak edən  yerli “startup” sahiblərinin  yeni başlayan, internet biznesə maraq göstərən gənclərlə görüşləri təşkil olunacaq.
 
“Startap Günləri”ndə  startapçılar  innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq,  mentorların və ekspertlərin köməyi ilə yeni “startup” layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda  bu layihələrin təqdimatları və  yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
 
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
 
“Startap Günləri”nə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,  Yüksək Texnologiyalar Parkı, “Bakcell”, “Cybernet”, “SİNAM”, “Baku Business Factory”, “Khazar Ventures” şirkətləri dəstək verirlər.
 
Aynur Vəliyeva




19/10/15    Çap et