Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Heydər Əliyev Mərkəzi BMT-nin 70 illik yubileyi münasibətilə mavi rənglə işıqlandırılacaq


Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd etmək üçün “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə dünyanın 45-dən çox ölkəsində 150-dən artıq rəmzi abidə, bina, muzey, körpü və digər əlamətdar binalar Birləşmiş Millətlər Təşkilatının rəsmi rəngi olan mavi rəngdə işıqlandırılacaqlar.
 
Heydər Əliyev Fondu və BMT-nin Ölkə üzrə İdarə Heyətinin yaxın əməkdaşlığı nəticəsində həmin gün Bakının yeni memarlıq rəmzi olan Heydər Əliyev Mərkəzinin BMT-nin mavi rəngində işıqlandırılacaq.
 
 
BMT-nin Azərbaycanda nümayəndəliyindən bildirilib ki, qlobal səviyyəli təntənə Yeni Zelandiyadan başlayacaq, sonra torançağı Avstraliyada Sidney Opera Evinin işıqlandırılması ilə davam edəcək və nəhayət, dünya abidələri bu beynəlxalq tədbirə qatıldıqca BMT-nin mavi rəng dalğası ölkələri və qitələri səyahət edəcək. Nyu-Yorkda ənənəvi BMT Günü konserti təşkil olunacaq və 23 oktyabr tarixindən başlayaraq 24 oktyabra qədər BMT Qərargahı iki gün ərzində mavi rənglə işıqlandırılacaq.
 
 
"Sülh, inkişaf və insan hüquqlarına BMT-nin göstərdiyi dəstəyin 70 illiyini qeyd etmək üçün böyük həvəs və coşqu nümayiş etdirdiklərinə görə Üzv Dövlətlərə minnətdaram", - deyə, BMT Baş katibi Pan Gi-Mun bildirib. "Bir günlük dünyanı BMT-nin mavi rənginə boyamaqla, biz daha yaxşı bir sabah üçün yolu işıqlandıra bilərik".
 
 
Həqiqət İSABALAYEVA




20/10/15    Çap et