Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yol polisi elektron dirəklərin sayını artıracaq
Azərbaycan yollarında elektron dirəklərin tətbiqinə başlanılıb. Bu barədə açıqlama verən Respublika Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, belə dirəklər hələlik Bakı-Quba yolunda Ekologiya postunda qurulub.
Onun sözlərinə görə, avtomobillərin hərəkətinə mane olmayan, əvvəlki şlaqbaumdan daha modern olaraq yerin 40-50 santimetrlik dərinliyində yerləşdirilən bu elektron lövhələr lazım olan vaxt yolun bağlanmasını avtomatik olaraq təmin edir.
“İtaliyadan gətirilən avadanlıqlar hesabına qurulan elektron dirəklər avtomobillərin qaçırılması zamanı, yol polisinin “saxla” əmrinə tabe olmayan avtomobillərin durdurulması zamanı uzaqdan idarə olunan düymə ilə yolun bağlanmasını təmin edir”.
Qeyd edək ki, texnologiya özünü doğrultduğundan digər magistral yollarda olan yol polisi postları da elektron lövhələrlə təmin olunacaq.
15/09/11 Çap et