Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron məhkəmə” informasiya sisteminin təqdimatı keçirilib
"Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində Sabunçu Məhkəmə Kompleksinin yeni binasının açılışı olub.
Açılışda Prezident İlham Əliyev iştirak edib.
Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verib. O bildirib ki, tikinti işləri ən müasir standartlara uyğun aparılıb. Müasir informasiya-kommunikasiya texnologiyalarının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür. Binada quraşdırılan müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır.
Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, kompleksdə "Elektron məhkəmə"nin tətbiqi üçün bütün zəruri infrastruktur yaradılıb. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslər zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqda saxlanılırlar. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğu da var. Məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılıb.
Prezident İlham Əliyev burada dünyada və Azərbaycanda məhkəmə və ədalət mühakiməsi ilə bağlı tarixi sənədlərə, rəmzlər, poçt markaları və nişanlara baxıb.
Sonra "Elektron məhkəmə" informasiya sisteminin təqdimatı olub. Bildirildi ki, ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflığın, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə işlər görülür, məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi məqsədilə zəruri infrastruktur yaradılır.
Yeni inşa olunan müasir məhkəmə binalarında artıq "Elektron məhkəmə" informasiya sisteminin komponentlərinin sınaq rejimində tətbiqinə başlanılıb.
Təqdimatda vətəndaşların, habelə hakimlərin rahatlığına xidmət edən bəzi komponentlərin - ərizə və şikayətlərin elektron formada qəbulu, məhkəmə prosesi iştirakçılarının "elektron şəxsi kabineti", onların avtomatik məlumatlandırılması, məhkəmədə işlərə baxılmasına dair cədvəllər və digər məsələlər barədə ətraflı məlumat verilib.
SEYMUR
22/10/15 Çap et