Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Uşaq və yeniyetmələrin internetdə təhlükəsizliyinin təmin olunması yolları araşdırılır
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması, onların təhlükəsizliyinin təmin olunması istiqamətində elmi araşdırmalar aparılır.
İTİ-dən bildirilib ki, bu istiqamətdə təşkil olunan elmi seminarda institutun əməkdaşı Nəzakət Məlikova “Uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması problemləri və onların həlli yolları” adlı məruzə ilə çıxış edərək, uşaqların internetdə qarşılaşdığı təhlükələr, kompüter oyunlarının uşaq və yeniyetmələrin psixologiyasına təsiri haqqında danışıb:
“Bu sahədə ən böyük məsuliyyət valideynlər, internet provayderləri, təhsil qurumları və dövlətin üzərinə düşür”.
Məruzəçi uşaqların zərərli kontentdən qorunması üçün provayderlər tərəfindən təklif olunan “informasiyanın süzgəcdən keçirilməsi” xidmətindən istifadə olunmasının vacibliyini vurğulayıb. Dünyada internet istifadəçilərinin ümumi sayının 56 milyon, azyaşlıların sayının 10 milyon təşkil etdiyini bildirən N.Məlikova ölkəmizdə internet istifadəçilərinin sayının gənc və yeniyetmələrin hesabına sürətlə artdığını dilə gətirib.
Məruzəçi internet mühitində rast gəlinən kibertəhlükələrdən danışaraq bu təhlükələrin kontent, kommunikasiya, elektron, istehlakçı kimi risk qruplarına ayrıldığını söyləyib. O, həmçinin internetin məktəblilər üçün yaratdığı təhlükələri diqqətə çatdırıb, internet-asılılıq problemi və onun fəsadları, bu problemlərlə mübarizə üçün beynəlxalq təcrübə, Azərbaycanda uşaqların internet-asılılıqdan qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Həqiqət İSABALAYEVA
26/10/15 Çap et