Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron xidmətlərlə bağlı vətəndaşların ən çox maraq dairəsində olan təkliflərdən bir neçəsi bəlli olub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron hökumət" portalının "Fikir bankı" vasitəsi ilə vətəndaşların ən çox maraq dairəsində olan təkliflərdən bir neçəsini açıqlayıb.
Mərkəzin açıqlamasında qeyd edilir ki, portala müvafiq autentifikasiya vasitələri ilə daxil olan hər bir vətəndaşın "Şəxsi kabinet"i formalaşır. Bu gün vətəndaşlar şəxsi kabinetlərində müxtəlif tipli cərimələr, portal üzərindən olunan müraciətlərin nəticələri barədə və s. bildirişlərin əlçatan edilməsini istəyir. Həmçinin, "Şəxsi kabinet"də əks olunan fərdi məlumatların yenilənməsi də təklif edilir.
Bildiyiniz kimi, "Elektron hökumət" portalı vətəndaşlara əlavə qayğı olan müxtəlif növ arayış tələbinə elektron çözüm tətbiq edən ilk sosial xidmət məkanıdır. Hazırda, portal üzərindən 10 adda arayış formalaşdırmaq mümkündür. Belə arayışlardan "Yaşayış yeri barədə arayış"ın elektron ekvivalenti portalda mövcuddur, vətəndaşların "Fikir bankı"na ünvanladıqları müraciətlərdən biri mənzildə qeydiyyatda olanlar barədə arayışın (Forma 2-nin) portal üzərindən formalaşdırılması ilə bağlıdır.
Növbəti təklif dərman vasitələri barədə yeni qanuna əsasən dərman preparatlarının tənzimlənmiş qiymətləri ilə bağlıdır. Belə ki, vətəndaşlar təklif edirlər ki, dərman vasitələri üzrə vahid qeydiyyat sistemi yaradılsın və bu sistem portal üzərindən vətəndaşlara açıq edilsin. Vətəndaş apteklərə yaxınlaşmazdan əvvəl alacağı dərman preparatlarının qiymətini və digər mümkün məlumatları əldə edə bilsin.
Məlumat üçün bildirək ki, "Elektron hökumət" portalının "Fikir Bankı"nda qeydiyyata alınan müraciətlərdən 12-si artıq reallaşdırılıb, portalın marağına səbəb olan 15 müraciət isə reallaşdırılması üçün müzakirəyə çıxarılıb.
Qeyd edək ki, "Elektron hökumət" quruculuğunda iştirak etmək istəyən vətəndaşlar portalın ana səhifəsində yerləşdirilmiş "Fikir bankı"na daxil olmaqla (https://www.e-gov.az/teklifler/) "Elektron hökumət"ə aid istədiyi təklifi daxil edə, yaxud burda toplanmış təkliflərə öz münasibətini bildirə bilərlər.
CAHANGİR
27/10/15 Çap et