Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Wi-Fi» insanı divarın içindən görməyə imkan verib
Massaçusets Texnologiya İnstitutunda çalışan tədqiqatçıların hazırladığı sistem «Wi-Fi» texnologiyasının köməyi ilə divarın içindən insanı "görməyə" imkan verir.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, xüsusi proqram divarın içindən insan siluetinin tanınması üçün göndərilən və qəbul edilən «Wi-Fi» siqnallarındakı fərqdən istifadə edir.
«RF-Capture» adlı qurğu məkanda insanın fiqurunu və bədən hərəkətlərini 90 faiz dəqiqliklə tanıyır. Cihaz, həmçinin divarın arxasındakı qonşu otaqda yerləşən 15 insanı müəyyən edə və fərqləndirə bilir.
Mühəndislər «RF-Capture» qurğusunun tətbiqindən danışıblar. Məsələn, tənha yaşayan yaşlı insanlar üçün köməkçi rolunda çıxış edə bilər. Belə ki, cihaz yaşlı insanın yerə yıxılmasını dərhal görə və lazımi kömək haqda informasiya ötürə bilər. Bundan başqa, «RF-Capture» qurğusu "ağıllı" evlərdə tətbiq oluna bilər. Tədqiqatçılar əldə olunan təsvirin keyfiyyətinin yaxşılaşması üzərində işləməyə dair söz veriblər.
Emil Hüseynov
29/10/15 Çap et