Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Komitə sədri: “Fəaliyyət sahələri üzrə 31 elektron, 3 onlayn və SMS xidmət vətəndaşların istifadəsinə verilib”
“Ölkə iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlak idarəçiliyi sahəsində yeni yanaşmaların irəli sürülməsini labüd edib. Həmin yanaşmalar özündə informasiya və kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, beynəlxalq təcrübənin, müasir normativ-hüquqi bazanın və sadələşdirilmiş prosedurların tətbiqini əks etdirir”.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov söyləyib.
Komitə sədri qeyd edib ki, şəffaflıq və operativlik məqsədilə daşınmaz əmlakın qeydiyyatında və torpaq idarəçiliyində “bir pəncərə” sistemi tətbiq olunur. Onun sözlərinə görə, rəhbərlik etdiyi komitənin fəaliyyət sahələri üzrə 31 elektron, 3 onlayn və SMS xidmət vətəndaşların istifadəsinə verilib.
“Artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlərə başlanılıb. Bakı Kadastr Layihəsinin yekunlaşması ilə Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Bu işlərlə yanaşı, komitənin “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri kimi sosial layihələri də ardıcıl həyata keçirilir”.
İKT-nin geniş tətbiqi ilə bu sahədə həyata keçirilən tədbirlərin daha səmərəli olduğunu qeyd edən komitə sədri son illər ərzində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı və ünvan reyestri sahələrində əldə olunan nailiyyətlərdən danışıb.
O vurğulayıb ki, daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi infrastrukturunun inkişaf etdirilməsi yolunda atılan addımlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunan “Doing Business” hesabatlarında Azərbaycan aparıcı islahatçı ölkələrin siyahısında, həmçinin daşınmaz əmlakın qeydiyyatına görə dünyanın 189 ölkəsi arasında ilk pillələrdə yer alır.
Komitə sədri bildirib ki, bütün bu tədbirlər fonunda komitə öz fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi və bu istiqamətdə xarici ölkələrlə həyata keçirilən əməkdaşlığa daim xüsusi diqqət ayırır.
Seymur Qasımbəyli
30/10/15 Çap et