Genişzolaqlı internetin perspektivlərinə dair seminar keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda "Genişzolaqlı internet: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda seminar keçirilib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, seminarda institutun sektor müdiri
Məmməd Rəşidov genişzolaqlı internetə keçidin əsas texnologiyalarının təsnifatı, ADSL və DOCSIS texnologiyaları haqqında məlumat verib. "Wi-Fi Alliance" şirkəti tərəfindən hazırlanmış "Wi-Fi" texnologiyasının inkişaf perspektivlərindən danışan M.Rəşidov gələcəkdə bu texnologiyada yeni standartların tətbiqinin nəzərdə tutulduğunu söyləyib.
"WiMAX texnologiyası geniş spektrli qurğuları universal simsiz rabitə ilə təmin etmək məqsədi ilə hazırlanır", – deyə bildirən M.Rəşidov qeyd edib ki, "Wi-Fi" şəbəkələri ilə müqayisədə "WiMAX" daha böyük əhatə dairəsi, internetə yüksəksürətli çıxış imkanı ilə fərqlənir.
Digər məruzəçi O.Ələkbərov ötən əsrin sonlarında "WiMAX"-a alternativ olaraq yaradılmış "HSPA" (High Speed Packet Access) texnologiyasından söz açıb.
Məruzəçinin sözlərinə görə, bu texnologiya mütəxəssislər tərəfindən "LTE" (Long Term Evolution) – dördüncü nəsil (4G) mobil rabitə texnologiyalarına keçid kimi nəzərdə tutulur. Qeyd edilib ki, "LTE" şəbəkəsinin əsas üstünlüyü onun GSM və CDMA tipli operatorların mövcud avadanlıqlarının bazasında yaradılması, o cümlədən "2G" və "3G" abonent qurğularını dəstəkləməsidir.
Aynur Vəliyeva