Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT sahəsində son 10 il üzrə orta illik artım tempi 15-20% təşkil edib


Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Azərbaycan hökuməti bu imkanlardan maksimum bəhrələnərək, qlobal inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür.
 
 Ölkənin iqtisadi potensialının yüksək olması və dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilməsi, xüsusilə də informasiya və yüksək texnologiyalar sektorunun inkişafının prioritet hesab edilməsi bu sahənin dinamik inkişafı üçün zəmin yaradıb.
 
Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2015” hesabatında Azərbaycan 143 ölkə arasında hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 9-cu yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 10-cu yeri tutub. Azərbaycanda İKT sektoru hazırda həm iqtisadiyyat sahəsi, həm də ölkənin ümumi sosial-iqtisadi inkişafına xidmət edən sahə kimi dinamik inkişaf etməkdədir. Bu sahədə son 10 il üzrə orta illik artım tempi 15-20% təşkil edib.
 
 
 İKT sektoru üzrə 2014-cü ildə  real artım tempi 16.2% olmuş, sektorun həcmi isə 2.2 milyard ABŞ dollarına çatıb.
 
Ümumilikdə hesabat ilində sektorun ÜDM-də payı 1.9%, qeyri-neft ÜDM-in isə payı 3.2% təşkil edib.
 
Son illər qeyri-neft sektorunun real artım tempinin neft sektorunun artım tempindən yüksək olması müşahidə olunur. Bu sektor həm də neft iqtisadiyyatının gəlirlərinin dəyişməsi fonunda dövlət büdcəsi gəlirlərində də nəzərə çarpır.
 
Belə ki, dövlət büdcəsinə vergi daxilolmalarında da qeyri-neft sektorunun xüsusi çəkisi sürətlə (2016-cı il üzrə 72.9% nəzərdə tutulub) yüksəlməkdədir. Təsadüfi deyil ki, büdcə daxilolmalarında qeyri-neft sektorunun payı 2014-cü ildə 34% idisə, 2016-cı ilin büdcəsində nəzərdə tutulmuş büdcə daxilolmalarında bu rəqəm artıq 46.5% kimi proqnozlaşdırılıb.
 
 
 
 
 




02/11/15    Çap et