Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Trend Micro”: 2016-cı il kibercinayətkarlıqla mübarizədə əlamətdar il olacaq


“Trend Micro” şirkəti 2016-cı il üçün informasiya təhlükəsizliyi üzrə proqnozların yer aldığı illik “The Fine Line: 2016 Security Predictions” adlı hesabat təqdim edib.
 
Proqnozlara görə, növbəti ildə onlayn fırıldaqçılıq və haker üsulları ilə siyasi ideya və bəyanatların yayılmasında artım olacaq. Eyni zamanda hökumət və iri şirkətlər kibertəhlükəsizlik məsələlərinə yanaşmada mühüm addımlar atacaqlar.
 
Dövlət sektoru və korporasiyalar kibertəhlükəsizlik üzrə proqnozlardan, qanunvericilikdə edilən dəyişikliklərdən və müəssisələrdə informasiya təhlükəsizliyi üzrə əməkdaşların ştatının artırılmasından fayda əldə etməyə başlayacaqlar.
 
2016-cı ildə onlayn təhdidlər əməliyyatların texnoloji yox, psixoloji aspektləri baxımından inkişaf edəcək. Potensial qurbanı qorxutmağa və onu pul ödəməyə məcbur etməyə hesablanan cinayətkar sxemlər öz effektivliyini sübut edib və buna görə gələcəkdə də onlardan istifadə olunacaq. “Trend Micro” ekspertlərinin proqnozlarına görə, gələn il hücumlar daha çox fərdi xarakter almaqla konkret qurbanın psixologiyasını nəzərə alacaq.
 
2016-cı ilin sonunadək zərərli mobil proqramların sayında 20 milyonadək artım gözlənilir. Artım əsasən Çinin sayəsində baş verəcək, lakin mobil ödənişlər qlobal miqyasda hücumlara məruz qalacaq.
 
2016-cı il həmçinin zərərli reklam üçün dönüş ili olacaq. Bütün dünyada onlayn reklamı bloklamaq üçün proqramlardan yararlanan istifadəçilərin sayı durmadan artır. Məsələn, təkcə ABŞ-da belə istifadəçilərin sayı 48 faiz təşkil edir. Nəticədə reklamçılar onlayn reklam üçün digər yanaşmalardan istifadəyə, kibercinayətkarlar isə qurbanlarına təsir göstərmək üçün başqa yollar axtarmağa çalışacaqlar. 
 
Kibercinayətkarlıq sahəsində qanunvericilik qlobal kibertəhlükəsizlik modelinin yaradılması yolu ilə inkişaf edəcək ki, bu da kibercinayətkarlıqla daha effektiv mübarizə aparmağa imkan verəcək, - "Computerworld” yazır.




03/11/15    Çap et