Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnnovativ və rəqabətqabiliyyətli məhsulların hazırlanması işləri genişləndiriləcək


“Azərbaycan 2020: Gələcəyə Baxış” sənədində hədəf qoyulan bilik iqtisadiyyatının qurulması üçün AMEA-da kompleks tədbirlər və islahatlar aparılır. Müxtəlif dövlət proqramlarının icrasındakı iştirakı ilə yanaşı, Akademiyada innovativ elmi-tədqiqat işlərinin nəticələrinin sənayeyə tətbiqi mexanizmləri qurulur, sənaye ilə əlaqələr genişləndirilir və bu istiqamətdə beynəlxalq təcrübələrin mənimsənilməsi davam etdirilir.
 
 Akademiyadan bildirilib ki, bu istiqamətdə əsas amillərdən biri kimi AMEA-nın nəzdində fəaliyyət göstərən Təcrübə-Sənaye Zavodu (TSZ) nəzərdən keçirilir.
 
AMEA İşlər idarəsinin müdiri Fətəli Abdullayevin sözlərinə görə, TSZ AMEA-nın elmi-texniki  bazası olmaqla bir sıra elmi-tədqiqat institutlarının alimlərinə məxsus mütərəqqi elmi işləmələrin sınaqdan keçirilməsi və istehsalata tətbiqi işləri ilə məşğul olub. Fəaliyyəti müddətində TSZ-də AMEA-nın elmi-tədqiqat institutlarına məxsus onlarla yeni texnoloji proseslər sınaqdan keçirilib və sənaye miqyasında tətbiq olunması üçün hazır vəziyyətə gətirilib:
 
 “Hazırda zavodun istehsal-texnoloji sahələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Belə ki, zavod üçün perspektivli sayılan məhsulların istehsalını daha səmərəli təşkil etmək məqsədilə sexlərin funksiyalarının və texnoloji avadanlıqların bərpası və təkmilləşdirilməsi işləri aparılır, bəzi yeni avadanlıqlar və cihazlar alınıb, bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsi davam edir. Hazırda bu məhsulların keyfiyyət göstəricilərinin müvafiq normativ-texniki sənədlərin tələblərinə tam cavab verməsi və onlara tətbiq olunan qiymətlərin ilk növbədə alıcıların maraqlarına uyğun olması istiqamətində ciddi texniki-texnoloji və təşkilati işlər həyata keçirilir. Gələcək məqsədlərimizə nail olmaq üçün AMEA Təcrübə-Sənaye Zavodunun bazasında müasir elm və texnologiya mərkəzi kimi bir çox yeni, innovativ və rəqabətqabiliyyətli məhsulların hazırlanması və sənayeyə tətbiqi üzrə işlər daha da sürətlə genişləndiriləcək”.
 
 
 
Həqiqət İSABALAYEVA




04/11/15    Çap et