Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Cisco»: 2019-cu ilədək «bulud» trafikinin həcmi 4 dəfə artacaq


«Cisco» şirkətinin «Cisco® Global Cloud Index (2014 – 2019)» adlı illik hesabatına əsasən, 2019-cu ildə qlobal «bulud» trafikinin həcmi 2014-cü illə müqayisədə 4 dəfə artaraq (2,1-dən 8,6 Zbaytadək) artım tempinə görə məlumatların işlənməsi mərkəzlərinin trafik həcmini (3,4-dən 10,4 Zbaytadək) ötəcək.
 
 
Məlumat üçün bildirək ki, «bulud» trafiki virtuallaşdırılmış «bulud» məlumatların işlənməsi mərkəzləri vasitəsilə internet üzərindən əlçatan «bulud» xidmətləri tərəfindən generasiya olunur.
 
 
«Cisco»da işləyən mütəxəssislərin fikrincə, mobil qurğuların sayının artması, «bulud» üzərindən işləyən biznes xidmətlərin və özəl «bulud» xidmətlərinin virtuallaşdırılmasının sürətli inkişafı «bulud» trafikinin həcminin artımına və «bulud» xidmətlərinə keçidi sürətləndirəcək.
Kompüterlərarası («M2M») qoşulmaların sayının artımı, həmçinin «bulud» trafikinin həcminin artımına səbəb olacaq.
 
 
«Bulud» texnologiyası regional trenddən qlobal kütləvi həllə çevrilir, həm də yaxın 5 ildə «bulud» trafikinin həcmi hər il bütün regionlarda 30 faizdən çox artacaq.
 
 
Hesabata əsasən, «Əşyalar interneti» («Internet of Everything», «IoE») «bulud» trafikinin həcminin artımına mühüm təsir göstərəcək. 2019-cu ilə müxtəlif «IoE» proqramlarla generasiya olunan illik trafikin həcmi 507,5 Zbayta (aylıq 42,3 Zbayt) yaxınlaşacaq.
 
 
2019-ci ilə 2 milyarddan çox fərdi internet istifadəçisi fərdi «bulud» anbarından (2014-cü ildə müvafiq göstərici 1,1 milyard istifadəçi olub) istifadə edəcək.
 
 
2014-cü ildə müştəri qurğularında saxlanılan məlumatların 73 faizi fərdi kompüterdə yerləşdirilib. 2019-cu ilə belə məlumatların 51 faizi başqa qurğularda (smartfon, planşet, «M2M» modullar və s.) saxlanılacaq.
 
 
Proqnoza görə, 2017-ci ilə qlobal smartfon trafiki (ildə 201 ekzabayt) onlarda saxlanılan məlumatların tutumunu (ildə 179 ekzabayt) ötəcək ki, bu da «bulud» anbarlarında imkanların genişlənməsi ilə nəticələnəcək.
 
Hesabatda yazılıb ki, 2019-cu ilə «bulud» trafikinin böyük həcmi (3,6 Zbayt) Şimali Amerikanın payına düşəcək, Asiya-Sakit Okean regionu (2,3 Zbayt) ikinci, Qərbi Avropa (1,5 Zbayt) üçüncü pillədə qərarlaşacaq.
 
 
Emil Hüseynov
 
 
 
 
 
 




04/11/15    Çap et