Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan şirkətinin e-gömrük üzrə həlləri altı ölkədə tətbiq oluna bilər


Avropa İttifaqının Rəqəmli Bazarların Harmonizasiyası (HDM) üzrə Strateji Təşəbbüs proqramı Azərbaycanın "Sinam" şirkətinin hazırladığı gömrük orqanlarının optimallaşdırılması üçün nəzərdə tutulmuş "Risklərin idarəetmə informasiya sistemi"ni yaxından öyrənir. Bu haqda Avropa İttifaqının HDM üzrə Strateji Təşəbbüsünün Azərbaycan üzrə əlaqələndiricisi Tofiq Babayev bəyan edib.
 
 
Sistemin əsas məqsədi gömrük işində risklərin idarə edilməsi üçün qərarların qəbul edilməsini təmin etməkdən ibarətdir. Sistem risklərin aşkarlanmasını, qaçaqmalçılıq hallarının qarşısının alınmasını, yüklərin fiziki yoxlanılmasının minimallaşdırılmasını, rəsmiləşdirmə xərclərinin azaldılmasını, kadr və texnika potensialının istifadəsinin effektiv təşkilini nəzərdə tutur. Sistem Ümumdünya Gömrük Təşkilatının tövsiyə və qaydalarına əsasən hazırlanıb.
 
Maraqlıdır ki, "Sinam" şirkətinin mütəxəssisləri gömrük, o cümlədən SSRİ-nin Gömrük Komitəsi üçün avtomatlaşdırılmış sistemlərin hazırlanması sahəsində geniş təcrübəyə malikdir. Onlar üçün yük bəyannamələrinin avtomatlaşdırılmış sistemi hazırlanmışdır. Bu proqramlar daha sonra Rusiyada, ölkə müstəqillik əldə etdikdən sonra da tətbiq olunurdu.
 
 
T.Babayevin sözlərinə görə, təklif edilmiş həll mütəxəssislər tərəfindən qəbul edildiyi təqdirdə sözügedən sistem gələcəkdə Strateji Təşəbbüs proqramına üzv olan ölkələrdə (Gürcüstan, Moldova, Ermənistan, Belorus, Azərbaycan və Ukrayna) tətbiq oluna bilər.
 
T.Babayev qeyd edib ki, "Sinam" şirkəti tərəfindən təklif edilən model gömrük sistemində yüksək texnologiyaların müasir tətbiq trendlərini nəzərdə tutur. Onun sözlərinə görə, müsbət qərar qəbul edilirsə, bu model ayrı-ayrılıqda hər bir qeyd edilmiş ölkədə tətbiq oluna bilər.
 
O vurğulayıb ki, HDM Strateji Təşəbbüsün məqsədi yuxarıda adı çəkilən ölkələrin özəl sektorunun Avropa İttifaqı ilə biznes inteqrasiyasının dəstəklənməsidir. Yüksək texnologiyalar vasitəsilə vahid risk-menecment modelinin tətbiqi məhsullarını Avropa İttifaqı ölkələrinə ixrac edən şirkətlərin fəaliyyətini dəfələrlə sadələşdirməyə imkan verəcək.
 
T.Babayev onu da əlavə etdi ki, risk-menecment modelinin hazırlanması və onun gömrükdə tətbiqi prosesi 2016-2017-ci illərdə reallaşdırıla bilər. Qəbul edilmiş modelin Azərbaycanın yerli gömrük sistemində də tətbiq edilməsi üçün tövsiyə olunacaq.
 
Qeyd etmək lazımdır ki, Rəqəmli Bazarların Harmonizasiyası üzrə Strateji Təşəbbüs proqramı Avropa İttifaqı tərəfindən Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanın dövlət dəstəyilə həyata keçirilir. Azərbaycanın  bu proqramdakı iştirakı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tənzimlənir. Proqramın məqsədi özəl sektorun Avropa İttifaqına daha da sıx inteqrasiyası üçün sistemli dəstək göstərməkdir. Proqram müxtəlif istiqamətləri əhatə edir, o cümlədən elektron ticarət, infrastrukturun inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, elektron servislərin inkişafı, o cümlədən hökumət servislərinin.
 
 Layihələrin bu proqram çərçivəsində təcrübi reallaşdırılmasına 2016-ci ildən başlanılacaq. Hazırda gələcəkdə həyata keçirmək üçün müxtəlif layihələrin nəzərdən keçirilməsi prosesi gedir.
 
 




10/11/15    Çap et