Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazirin AMEA-nın 70 illik yubiley mərasimində “Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı” mövzusunda çıxışı


     Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti hörmətli Akif  müəllim!

      Hörmətli Ramiz müəllim!

      Hörmətli konfrans iştirakçıları!
 
 
     Bu gün Azərbaycanın həyatındakı xoş gün - Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi münasibətilə rabitə və yüksək texnologiyalar sahəsi işçiləri adından bütün alimləri təbrik edirəm və sizə uğurlar arzulayıram.

   Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev çıxışında səsləndirdiyi kimi, bizim bugünkü inkişafımızın əsasını təşkil edən və gələcək perspektivlərimizi  müəyyən edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf  Konsepsiyasına əsasən, ölkəmizdə iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf etdirmək, ixrac potensialını artırmaq və  neftdən asılılığını minimuma endirmək əsas hədəflərdəndir. Bütün bunlara isə  elm, təhsil və innovativ texnologiyaların tətbiqi ilə nail olmaq mümkündür. Bu istiqamətdə texniki və tətbiqi elmlərin rolu çox böyükdür.
 
 
Ümumiyyətlə, texniki elmlərin inkişafı həmişə müəyyən çətinliklərlə üzləşir, yəni alınan nəticələrin istehsalatda tətbiqi ilə əlaqədar olur. Bütün bunlar Prezident İlham Əliyevin bugünkü proqram xarakterli çıxışında bir daha səsləndi. 
 
AMEA-nın, Azərbaycanın 70-ci illərin əvvəlindəki vaxtını xatırlasaq  görərik ki, o zaman ölkəmizin sosial-iqtisadi inkişafı zəif olduğu bir vaxtda ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün sahələrdə, o cümlədən təhsil, elm sahəsinə, xüsusilə də Elmlər Akademiyasının fəaliyyətinə  böyük diqqət ayrıldı. Bu gün inkişafın yeni mərhələsi dünyada qəbul olunmuş üçqat müqəddəs halqa - bilik, iqtisadiyyat və hökumət  texnoloji innovativ inkişafı formulu üzərində qurulub. Hələ bu, iqtisadi inkişaf modeli kimi qəbul olunmamışdan öncə ulu öndərimiz Heydər Əliyevin apardığı siyasətdə öz əksini tapdı. 70-ci illərdən başlayaraq  Azərbaycanda elm və təhsilin inkişafı əsas götürüldü. O zaman  azərbaycanlı gənclərin SSRİ-nin aparıcı ali məktəblərində təhsil alması ilə onların bilik potensialının formalaşması  və mütəxəssis kimi müxtəlif sahələrdə yerləşdirilməsi uğurla həyata keçirilmişdir.  Azərbaycanda kibernetika, idarəetmə, informatika və elektronika sahəsində yeni  zavodlar – "NORD", "AZON", "Peyk", "Ulduz" kimi nəhəng istehsalat komplekslərinin tikilib istifadəyə verilməsi, eləcə də elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq və nəticələrini sınaqdan keçirmək üçün xüsusi konstruktor bürolarının fəaliyyətə başlaması da ulu öndər Heydər Əliyevin bu sahəyə verdiyi töhfələrdir.
 
 
Bununla yanaşı, o vaxtlar  Milli  Elmlər Akademiyasında Kosmik tədqiqatlar, Neft-qaz, avtomatika kimi tədqiqat institutları və elektron hesablama maşınları, Radiozavod kimi istehsalat sahələri yaradıldı. Beləliklə də  insan resurslarının formalaşdırılması ilə  böyük bir sənaye kompleksi yaradıldı ki, onun da müsbət nəticələrinin şahidi olduq. Çox təəssüf ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəlində böyük bir durğunluq nəticəsində AMEA-nın fəaliyyətində, o cümlədən də xüsusən texniki və tətbiqi elmlərin inkişafı sahəsində böyük problemlər yarandı. Bu zaman müddətində 1993-cü ildən sonra Azərbaycanda bütün sahələrdə qeydə alınan inkişaf Azərbaycan Milli Elmlər Akademiyasının yeni layihələrin tətbiqinə başlaması ilə nəticələndi.
 
 
Milli Elmlər Akademiyasının  tətbiqi elmlər sahəsində fəaliyyətinin nəticəsi olaraq 1994-cü ildə regionda ilk real internet şəbəkəsi yarandı.
 
 
Ölkəmizdə növbəti inkişaf  mərhələsi 2000-ci ildən sonra başladı. Bu müddətdən sonra Azərbaycanda sosial iqtisadi inkişaf stabilləşdi. Artıq gələcəyə baxış istiqamətində dövlət siyasəti həyata keçirilməyə başladı. Bu siyasətə yenidən nəfəs verən isə Prezident İlham Əliyev tərəfindən 2003-2004-cü ildən sonra həyata keçirilən məqsədyönlü quruculuq işləri oldu.
 
 
"Qızıl üçbucaq" adlandırdığımız "bilik, şərait, dövlət dəstəyi" modelinin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasəti texnoloji və innovativ inkişaf üçün artıq yeni səviyyədə reallaşdırılır. Artıq bu gün yüzlərlə azərbaycanlı tək keçmiş SSRİ-nin yox, həmçinin Avropanın qabaqcıl təhsil ocaqlarında təhsil almağa göndərilir. Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə səyləri nəticəsində  yeni intellektual potensial formalaşdırılır. Bütün bunların hamısı "qızıl üçbucağ"ın birinci sütununun həyata keçirilməsinə səbəb oldu.
 
 
  Bu gün ölkə başçısının həyata keçirdiyi siyasətin bir istiqaməti də intellektual insan resurslarının məşğulluğa cəlb olunmasıdır. Bu, yeni bir formada həyata keçirilir. Cənab Prezident çıxışında qeyd etdiyi kimi, texnoparkların, güzəştli iqtisadi zonaların yaradılması həm daxili, həm də xarici investorların sənaye potensialının gücləndirilməsinə yönələn investisiyalar bu siyasətin əsasını təşkil edir. Bu yanaşma həmçinin investisiyaları genişləndirmək üçün yeni maliyyə resurslarının artırılması məqsədi daşıyır. Bu, ümumi dövlət investisiyasından başqa müxtəlif  fondlar vasitəsilə innovativ texnoloji inkişaf üçün stimullaşdırma siyasəti yolu ilə reallaşdırılır. İntellektual mülkiyyətin qorunması startapların yaradılması və bu istiqamətdə aparılan işlər buna əyani sübutdur. Burada əsas vacib məsələ formalaşan beyin axınını Azərbaycanda saxlamaqdır. Əsasən  bu gün beyin axınının yeni bir formasının - onlayn beyin axınının qarşısını almaqdır. Yəni, internet üzərindən beyin axını. Artıq bir çox ölkələrdə təhlillər göstərir ki, hər bir mütəxəssis internet üzərindən digər ölkələrə öz əməyini daşıyır. Biliyi, ümumiyyətlə satın almaq olar, burada patentlərin, ixtiraların və məqalələrin alınmasını nəzərdə tuturam. Amma bilik, intellekt daşıyıcısı olan insanı qorumaq ən vacib şərtdir ki, bu istiqamətdə də önəmli addımlar atılır.
 
   
Hörmətli konfrans iştirakçıları!
 
 
  Çıxışımın sonunda bir daha Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə hər birinizi təbrik edirəm. Bu gün elmə, təhsilə, intellektual insan potensialının inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə sonsuz minnətdarlığımızı bildiririk. 
 
 
   Diqqətinizə görə sağ olun!
 
 




11/11/15    Çap et