Barmaq izi ödəniş kartlarını əvəz edəcək
Britaniyanın “WorldPay” şirkətinin (ödəniş xidmətləri provayderi) yüzlərlə əməkdaşı alış-veriş üçün yeni ödəniş üsulunun sınaqlarına başlayıb. Onlar barmaq izindən təkcə parola alternativ deyil, üstəlik müstəqil ödəniş aləti kimi istifadənin mümkünlüyünü sübut etməyə çalışırlar.
Ödəniş sistemi biometrik texnologiyalarla məşğul olan "Sthaler” şirkətinin texnologiyası əsasında qurulub. Üç gün davam edəcək sınaqlar zamanı bütün iştirakçıların skan edilmiş barmaq izləri “Fingopay” sistemi vasitəsilə “Visa” ödəniş kartına inteqrasiya olunub.
Bununla ticarət nöqtəsində ödənişi kart, mobil telefon, saat və ya digər ödəniş funksiyalı daşınan qurğularsız həyata keçirmək mümkün olub. Ödənişi etmək üçün qurğuya skan edilmiş barmaq izinin toxundurulması kifayət edir. Biometrik məlumatlar şifrlənmiş şəkildə ötürüləcək ki, bu da informasiyanın oğurlanması riskini azaldır.
Barmaq izi ilə ödəniş sisteminin real şəraitdə sınağı mütəxəssislərə xidmətin praktikliyini, rahatlığını və kommersiya potensialını öyrənməyə kömək edəcək, -
"Payspacemagazine” yazır.