Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda qəbula yazılma prosesləri avtomatlaşdırılır


Təhsil Nazirliyi qəbula yazılma prosesini avtomatlaşdırıb.
 
“ICTnews.az” bildirir ki, bu barədə “Yerli təhsil idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması” mövzusunda keçirilən seminar-müşavirədə məlumat verilib.
 
Müşavirədə adıçəkilən nazirliyin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev təhsili idarəetmə qurumlarında vətəndaşların qəbulunun daha da təkmilləşdirilməsi və nəticələrin müşahidə sisteminin yaradılması ilə bağlı görülən işlər barədə məlumat verərək qeyd edib ki, qəbula yazılma prosesinin avtomatlaşdırılması həm vətəndaşların, həm də nazirlik əməkdaşlarının işini asanlaşdırıb. Kargüzarlıq işinin və vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkili barədə danışan şöbə müdiri nazirlikdə elektron xidmətlərin tətbiqinin  mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 
 
Şəki şəhərində baş tutan tədbirdə, eyni zamanda Təhsil Nazirliyinin 146 “Qaynar xətt” Telefon Məlumat Mərkəzinə daxil olan zənglər və Qəbul Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
 
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini İsrafil Qurbanov vətəndaşların müraciətləri ilə bağlı sənədlərlə işin düzgün qurulmasının, bu sahədə müasir texnologiyalardan istifadənin əhəmiyyətini vurğulayıb.
 
Bildirilib ki, dövlət başçısının bu günlərdə imzaladığı fərmanla tətbiq olunan “Vətəndaşların müraciətləri haqqında” qanun normativ hüquqi bazanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edəcək.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.
 
 
SEYMUR




18/11/15    Çap et