Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli İnternetskopiya sisteminin işlənməsinə dair mühüm tədqiqatlar aparılır


Azərbaycanda milli İnternetskopiya sisteminin işlənməsinə dair mühüm tədqiqatlar aparılır.
 
 
 “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rasim Mahmudov bildirib.
 
 
İnstitutda cari il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti və digər məsələlərlə bağlı keçirilən illik hesabat iclasında sektor müdiri informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Məruzəçi e-dövlət quruculuğu istiqamətində aparılan tədqiqatlardan söz açaraq, e-dövlətin formalaşması və effektli idarə olunması üçün mexanizmlərin işlənməsinin informasiya cəmiyyəti quruculuğunun əsas tərkib hissəsi olduğunu bildirib.
 
 O, İnformasiya müharibəsi texnologiyaları problemləri, İnternetin tənzimlənməsi, informasiya və bilik iqtisadiyyatının formalaşması, informasiya təhlükəsizliyinin təmini, İnternetşünaslığın formalaşmasının müxtəlif aspektli problemlərinin həlli istiqamətlərində tədqiqatların aparıldığını söyləyib.
Şöbə müdiri hesabat ili ərzində elmi-innovasiya fəaliyyəti istiqamətində görülən işlərdən də danışıb.
 
 Bildirib ki, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən 2 qrant layihəsi reallaşdırılıb.
 
“Elektron dövlətin qurulması proseslərinin təşkili və idarə olunması mexanizmlərinin işlənilməsi”, “İnternet mühitində Azərbaycan Respublikasına qarşı reallaşdırılan informasiya müharibəsi texnologiyalarının analizi və problemin həlli üçün təkliflərin işlənməsi” qrant layihələri həyata keçirilib.
 
 “Bundan əlavə, Viki-mərkəz layihəsi həyata keçirilir. Layihə çərçivəsində AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu tədris edilir. Kursu bitirənlərin bilikləri sertifikatlaşdırılır və onların viki-layihələrdəki fəaliyyətinin müntəzəm monitorinqi aparılır”.
 
 
SEYMUR
 




19/11/15    Çap et