Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Parlament seçkilərini internet üzərindən 200.000-ə yaxın insan müşahidə edib


Azərbaycanda keçirilən son parlament seçkilərində seçki günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralara 200.000-ə yaxın baxış olub.
 
Veb-kameralar vasitəsilə müşahidələrin təqribən 70%-i ölkə daxilindən, 30%-i isə ölkə xaricindən həyata keçirilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
 
 O qeyd edib ki, beşinci çağırış Milli Məclisə seçkilərdə aşkarlığın təmin olunması üçün işğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin təqribən 20%-də) internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırılıb.
 
İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar.
 
“Seçki günü təkcə Azərbaycandan deyil, eyni zamanda,  xarici ölkələrdən də seçkini veb-kameralarla izləməyə maraq olub. Belə ki, noyabrın 1-də, yəni seçki günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralarla  ölkəmizdə keçirilən seçki prosesini izləyənləri müşahidə etdik. Əldə etdiyimiz məlumata görə, 200.000-ə yaxın baxış olub və veb-kameralar vasitəsilə müşahidələrin təqribən 70%-i ölkə daxilindən, 30%-i isə ölkə xaricindən həyata keçirilib. Bu da yaxşı rəqəmdir”.
 
 
 
SEYMUR




19/11/15    Çap et