Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-ın Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru: “Müasir elm birgə yanaşma tələb edir”


ABŞ-ın Emory Universitetinin nəzdində fəaliyyət göstərən Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru, professor Camal Musayev Bakı Dövlət Universitetində olub.
 
 Rektor, akademik Abel Məhərrəmovla görüşdə əməkdaşlıq və birgə layihələrlə bağlı müzakirələr aparılıb. Sonra alim universitetin fizika, kimya, mexanika riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin professor-müəllim heyəti və magistrantlarla görüşüb.
 
 
Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov professor Camal Musayev haqqında məlumat verib və məlum olub ki, hazırda ABŞ-da böyük bir mərkəzə rəhbərlik edən alim BDU-nun fizika fakültəsinin məzunudur.
 
 
Sonra professor Camal Musayev "Yeni katalizatorlar  və texnologiyaların layihələşdirilməsində multidissiplinar əməkdaşlıq" adlı mühazirə oxuyub. O, çıxışının əvvəlində rəhbərlik etdiyi mərkəz haqqında danışıb və birgə əməkdaşlıqla bağlı təkliflər səsləndirib. Bildirib ki, müasir elmin monumental məsələləri mürəkkəb sistemlərin hər bir komponentinin rolunu başa düşmək və necə qarşılıqlı əlaqədə olub fəaliyyət göstərdiyini anlamaq  üçün multidissiplinar və sözün əsl mənasında birgə yanaşma tələb edir. Alim mərkəzin son əməkdaşlıq fəaliyyətini xarakterizə edərək bildirib ki, birgə hesablama-eksperimental fəaliyyət prosesin mexanizmini və aktiv mühitin təbiətini daha yaxşı başa düşməyə imkan verir.
 
Əldə olunmuş biliklər suyun oksidləşməsi üçün yeni katalizatorların hazırlanması və S-H rabitəsinin funksionallaşdırılması, həmçinin TON katalizatorların və  reaksiyanın effektivliyinin artırılması üçün əvvəlcədən proqnoz verməyə şərait yaradır. Çıxışının sonunda professor Camal Musayev qeyd edib ki, müasir dünyada elmi araşdırmalar fənlər qovşağında aparılan tədqiqatlara önəm verilir və bu sahədə BDU-da aparılan tədqiqatlara üstünlük vermək lazımdır.
 
Professor rəhbərlik etdiyi mərkəzlə BDU arasında elmi əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib və çoxsaylı suallara cavab verib.  
 
 
SEYMUR




19/11/15    Çap et