Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədrləri ilə görüş keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) həmsədrləri Bill Delahunt və Reza Vəziri, "USACC"-ın Fəxri Müşavirlər Şurasının üzvü Jon Sununu ilə görüş keçirilib.
 
 Görüşdə 20 illik yubiley münasibətilə "USACC"-ı və onun timsalında təşkilatın üzvü olan bütün şirkətləri təbrik edən rabitə və yüksək texnologiyalar naziri vəzifəsinin müvəqqəti icraçısı, nazirin birinci müavini İltimas Məmmədov ABŞ-Azərbaycan Ticarət Palatası ilə RYTN arasında qurulan əməkdaşlıqdan danışıb.
 
Bu illər ərzində birgə fəaliyyətin qarşılıqlı töhfə verdiyini deyən İ.Məmmədov bəzi layihələrdən, o cümlədən ABŞ-ın texnoloji yönümlü ali təhsil müəssisələri ilə qurulan münasibətlərdən söz açıb.
 
Xüsusən RYTN-in tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında Texnologiya Sahibkarlığı Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, ABŞ İnnovasiya və Sahibkarliq Komitəsinin Ekspertlər Şurasının üzvü Ken Morsun iştirakı ilə təlimlərin təşkili və bu təlimlərin sahibkar və digər iştirakçılar tərəfindən müsbət qarşılandığı qeyd edilib, gələcəkdə də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğu vurğulanıb.
 
Çıxış edən həmsədrlər Bill Delahunt və Reza Vəziri də birgə fəaliyyəti yüksək dəyərləndirərək, indiyə qədər görülən işlərdə "USACC"a  verdiyi dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlıqlarını ifadə ediblər.




19/11/15    Çap et