Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Respublika ərazisində rəqəmli yayıma keçidin tam təmin edilməsi üçün tədbirlər davam etdirilir


Respublika ərazisində rəqəmli yayıma keçidin tam təmin edilməsi üçün “Teleradio”İB tərəfindən  tədbirlər davam etdirilir.
 
Birliyin texniki direktoru Mikayıl Abbasovun verdiyi məlumata görə, yaxın günlərdə Şəmkir RTS-də  41 TVK-da quraşdırılacaq az güclü DVB-T verici vasitəsilə şəhərin yuxarı hissəsinın və ətraf kəndlərin əhalisi rəqəmli yayımla təmin ediləcəklər.
 
“Hazırda “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC-nin müraciətinə əsasən Poylu RTYS-də 1000 Vt gücündə Kəpəz FM proqramını yayımlayan vericinin quraşdırılması işləri həyata keçirilir və yaxın günlərdə göstərilən ərazidə radioproqramın yayımına başlanılacaq”.
 
M.Abbasov bildirib ki, “CBC SPORT” proqramının 37 TVK-da yayımlanan sosial paketin tərkibinə daxil edilərək Bakı və Abşeron yarımadasında HD formatda yayımı təmin edilib. Bundan əlavə “İdman Azərbaycan” TV kanalının yerüstü rəqəmli yayımının yüksək keyfiyyətli HD formatında yayımlanmasına başlanılıb. Hazırda sosial paketə daxil olan proqramların daha keyfiyyətli yayımının təmin edilməsi üçün onların Bakı və Abşeron yarımadasında iki paketdə yayımı (37 və 48 TVK) həyata keçirilir.
 
   Azərbaycan Respublikası Prezidentinin dövlət xidmətləri sahəsində ixtisaslaşmış radio yaradılması ilə bağlı tapşırığına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Asan FM” ümumrespublika radio proqramının yayımının həyata keçirilməsi üçün edilən müraciətinə əsasən Teleradio İB tərəfindən 5 kVt-lıq FM radiovericinin və anten-fider sisteminin alınması üçün istehsalçı şirkətlərə müraciət olunub və proqramın yayımının təşkil olunması istiqamətində işlər hazırda  davam etdirilir.
 
RƏVAN
 




23/11/15    Çap et