Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda elektron elmin formalaşması problemləri tədqiq olunur
Azərbaycanda elektron elmin formalaşması problemləri tədqiq olunur. Tədqiqat AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) müvafiq şöbəsi tərəfindən aparılır.
İTİ-dən bildirilib ki, bu sahədə aparılan işlərlə bağlı institutda keçirilən seminarda şöbə müdiri Təhmasib Fətəliyev məlumat verib.
Onun sözlərinə görə, şöbədə e-elmin mövcud vəziyyəti və inkişaf perspektivləri araşdırılıb:
“E-elmin fəaliyyət prioritetlərini müəyyənləşdirmək məqsədilə AMEA üzrə monitorinq həyata keçirilib və indikatorlar üzrə toplanmış sorğu məlumatları əsasında müvafiq təhlillər aparılıb, e-elmin təhlükəsizliyinin təmin edilməsi məsələləri araşdırılıb və effektiv mühafizəsi üçün prioritet istiqamətlər müəyyənləşdirilib. Eyni zamanda şöbədə e-elmin elmi verilənlər problemləri araşdırılıb, elmin informasiya təminatının formalaşdırılması məsələsi çərçivəsində respublikada nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunluğu vəziyyəti təhlil edilib”, - deyə T. Fətəliyev bildirib.
Məlumat verilib ki, bu məqsədlə Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər Siyahısı”na uyğun 14 elm sahəsi üzrə 282 jurnalın monitorinqi aparılıb. Monitorinqin nəticələrinin təhlili üzrə aşkarlanmış problemlərin həlli üçün təklif və tövsiyələr işlənilib.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində planlaşdırılmış işləri diqqətə çatdıran T.Fətəliyev bu istiqamətdə Prezident yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi 2 qrant layihəsi üzrə tədqiqatların aparıldığını da diqqətə çatdırıb.
Həqiqət İSABALAYEVA
26/11/15 Çap et