Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda fermerlərin kompüter və ya smartfon vasitəsilə e-xidmətlərə çıxışı təmin edilib
"Daxil olan müraciətlərin vahid mərkəzdən əlaqələndirilməsi və idarə edilməsi fermerlərə bazara çıxışı asanlaşdıracaq. Onlar kənd təsərrüfatı bazarları və məhsullarının qiymətləri barədə məlumatla təmin ediləcək, bilik və bacarıqlarının artırılmasına dəstək veriləcək".
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri kənd təsərrüfatı naziri Heydər Əsədov söyləyib.
Quba rayonunda "Fermer evi"nin istifadəyə verilməsi ilə əlaqədar düzənlənən tədbirdə H.Əsədov bildirib ki, "Fermer evi"nin məsləhətçiləri məlumat bazasındakı mövcud biznes planlar, heyvanların yem rasionu, toxum dövriyyəsi, texniki üsullar, xəstəliklər və onlara qarşı mübarizə, dağlıq bölgələrdə ekoloji təmiz məhsulların istehsalı və digər əlaqəli sahələrə dair fermerlərə məsləhət xidməti göstərəcəklər.
Burada yaradılan təlim mərkəzində isə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər, seminarlar təşkil ediləcək, fermerlər tədris materialları ilə təmin olunacaqlar. Sahibkarlara məhsulun istehsalı ilə yanaşı, satışında da kömək göstəriləcək.
Tədbirdə "Fermer evi"nin internet portalı barədə də məlumat verilib.
Portalda fermerlər üçün kənd təsərrüfatına aid kitab və broşürlər, bazar və qiymətlər, eləcə də güzəştli kreditlərin şərtləri barədə məlumatlar, əkinin necə aparılması, toxumların yoxlanılması, torpaqla necə davranmaq barədə videogörüntülər yerləşdirilib.
İnternet resursu fermerlər üçün daim yenilənən ensiklopediya funksiyasını yerinə yetirəcək. Fermerlərin sualları və ya problemi barədə məlumat aidiyyətı əməkdaşa yönəldilərək qısa müddət ərzində həll olunacaq.
SEYMUR
27/11/15 Çap et