Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dekabrın 2-də “Bakutel 2015” sərgisi açılacaq
Dekabrın 2-də Bakı Ekspo Mərkəzində “Bakutel 2015” XXI Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı açılacaq. Bu gün tədbirin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Qeyd edək ki, sərgiyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) yaxından dəstək verir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edir.
Konfransda Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Bakutel” sərgisinin cari ilin 2-5 dekabr tarixlərində keçiriləcəyini qeyd edərək bildirib ki, ildən-ilə sərginin kompozisiyası zənginləşir və iştirakçıların sayı artır.
Nazir müavini qeyd edib ki,“Bakutel” sərgisində görüşlər, yeni əməkdaşlıq imkanlarının mövcudluğu həm yerli, həm də xarici şirkətlər üçün böyük maraq kəsb edir. Bu il “Bakutel”in ziyarətçiləri çox maraqlı texnoloji yeniliklərlə tanış olmaq imkanı əldə edəcəklər. Qlobal şirkətlərin təqdim etdiyi layihə, məhsul və xidmətlərlə yanaşı, ölkəmizdə də İKT sektorunda baş verən ən son yeniliklər nümayiş olunacaq. Sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus pavilyonda elektron hökumət sahəsində görülmüş işlər, innovativ inkişaf sahəsində cari vəziyyət və inkişaf perspektivləri, nüvə tədqiqatları, nanotexnologiya istiqamətləri barəsində ətraflı məlumatlar təqdim olunacaq”.
E.Vəlizadə “Bakutel” sərgisi çərçivəsində yeni texnologiyaların nümayiş etdirilməsi ilə yanaşı, ziyarətçilər üçün müxtəlif viktorinaların, təlim və seminarların təşkil ediləcəyini vurğulayıb:
“Cisco” şirkəti tərəfindən də İT mütəxəssislər üçün beynəlxalq “Cisco IT Battle” müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Bu müsabiqə ilk dəfə olaraq beynəlxalq səviyyədə məhz “Bakutel” sərgisində baş tutacaq. Bizim İT mütəxəssisləri üçün bu, qlobal şəkildə bilik səviyyələrini nümayiş etdirmək üçün bir fürsət olacaq. Eyni zamanda, həmin stenddə iki gün ərzində (4-5 dekabr) müxtəlif təlimlər təşkil edilməsi planlaşdırılır. Gözlənilir ki, “Bakutel” sərgisinin ziyarətçiləri 10 mindən artıq olacaq”.
“Bakutel” sərgisi çərçivəsində bir neçə beynəlxalq tədbirin keçiriləcəyini qeyd edən E.Vəlizadənin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı Ofisinin (BMTİP) birgə təşkilatçılığı ilə III "Regional İnternet İdarəçilik Forumu" keçiriləcək . Bununla yanaşı, Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə standartlaşdırma sahəsində birgünlük tədbirin keçirilməsi də planlaşdırılıb.
“Bakutel” sərgi-konfransının təşkilatçıları adından Edvard Stroon danışaraq bildirib ki, builki sərgidə 21 ölkədən 203 şirkət bir araya gələcək. Onların 15 faizinin ilk dəfə olaraq “Bakutel” sərgisinə qatıldığını vurğulayan E.Stroonun sözlərinə görə, sərgidə ilk dəfə öz məhsullarını nümayiş etdirən dünyanın məşhur şirkətləri arasında “Google”, “KasperskiLaboratoriyası” kimi şirkətlər də yer alıb.
“Bu il sərgidə ən vacib məqamlardan biri olan “Azerspace-2” telekommunikasiya peykinin kosmik fəzaya buraxılması ilə bağlı hazırlıq işlərinin şahidi olacağıq. XXI “Bakutel” sərgisi ən maraqlı sərgilərdən biri olacaq. Buna görə də, hər zaman sərginin yüksək səviyyədə keçirilməsinə dəstək verən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürümü bildirirəm”, -deyə E. Stroon fikirlərini bölüşüb.
“Bakutel” layihəsinin rəhbəri Rəna Abutalıbova isə qeyd edib ki, sərgini daha maraqlı etmək üçün bir sıra yeniliklər həyata keçirilib. Onun sözlərinə görə, sərgi vizual olaraq tamamilə dəyişdirilib.
“Bir çox şirkətlər öz stendlərinin dizaynını yeniləyiblər. Ziyarətçilər yeni “4G” və “5G” mobil texnologiyaları, fiber-optik texnologiyalar, elektron hökumət, “Smart Azərbaycan” layihəsi və digər yeni xidmətlərlə tanış olacaqlar. Bu il xüsusi olaraq Londondan “Magic Circle” sirkinin tanınmış illüzionisti sadə “iPad” və telefon ilə “Bakutel” sərgisinin bütün ziyarətçiləri üçün bir-birindən maraqlı fokuslar göstərəcək çox tanınmış illüzionisti Tom Londonu dəvət etmişik. Onu da qeyd edim ki, “Bakutel-2015” sərgisinin telekommunikasiya partnyoru “Bakcell”, qeydiyyat sponsoru isə “Evrodizayn” şirkətidir”, - deyə R.Abutalıbova qeyd edib.
Seymur Qasımbəyli
01/12/15 Çap et