Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi öz işinə başlayır


Bu gün Bakı Ekspo Mərkəzində İKT üzrə ən iri ixtisaslaşmış tədbir - "Bakutel 2015"  21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi öz qapılarını ziyarətçilərin üzünə açıq elan edir.
 
 Keçirildiyi illər ərzində "Bakutel" sərgisi informasiya texnologiyaları üzrə yeni məhsul və xidmətlərin nümayiş etdirildiyi əsas meydança kimi, möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu əsas biznes-platformaya çevrilib.

Sərgiyə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək göstərilir. Həmçinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) kimi yerli strukturlar da sərgiyə yaxından dəstək verirlər.

Sərgi artıq uzun illərdir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi nüfuzlu təşkilatlardan dəstək alır. Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən verilmiş keyfiyyət nişanı "Bakutel" sərgisinin beynəlxalq nüfuzunu təsdiq edir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "Caspian Event Organisers" ("CEO") şirkətləri çıxış edirlər.

Qlobal informasiya mühitinə inteqrasiya ilə yanaşı, milli İKT məhsullarının istehsalına və müasir informasiya-kommunikasiya infrastrukturlarının təşəkkül tapmasına imkan yaradan "Bakutel" sərgisi ölkədə İKT üzrə inkişaf proqramlarının həyata keçirilməsinə dəlalət edən göstəricilərdən biridir.
 
Bu il sərgi Azərbaycan, Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa və Yaponiya da daxil olmaqla, dünyanın 21 ölkəsini təmsil edən 203 şirkəti bir araya gətirəcək.
 
 Sərginin iştirakçıları arasında "ACER", "Avirtel", "Azercell Telecom", "Azerkosmos", "Azerfon", "Azqtel", "Airbus", "Bakcell", "BestComp Group", "CISCO", "Delta Telecom", "Digital Source", "HP", "Huawei", "IBM", "LENOVO", "R.I.S.K. Company", "SAP", "SINAM", "Smart Systems Technology", "Softline International", "Schneider", Sumqayıt Tenologitya Parkı, "Teleradio", "Ultra Technologies", "ZTE" və digər bu kimi aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distributorları var. "Eurodesign" şirkəti ardıcıl olaraq ikinci ildir ki, sərginin qeydiyyat sponsorudur. İlk dəfə olaraq, "Bakutel 2015" sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - "Bakcell" şirkəti çıxış edir.
 
Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15%-ni təşkil edir və onların əksəriyyəti Azərbaycanın İKT bazarına böyük maraq göstərən xarici şirkətlərdir.
Beləliklə, bu il sərgidə ilk dəfə olaraq "AVAYA", "Google", "Kasperskiy Laboratoriyası" və digər aparıcı dünya şirkətləri iştirak edirlər.
 
Ənənəvi olaraq, sərgi yüksək texnologiyalar ("Hi-Tech") sənayesinin yaxın gələcəkdə necə inkişaf edəcəyini göstərməklə yanaşı, ən yeni sənaye məhsullarını təqdim edir. Sərgidə təqdim olunan 2015-ci ilin əsas təmayülləri sırasında İT sahəsi üzrə yeni nəsil həll variantları, milli genişzolaqlı internet üzrə həll variantı, 4-5G mobil texnologiyalar, fiber-optik texnologiya və "bulud" texnologiyaları üzrə xidmətlər, elektron hökumət, "Smart Azerbaijan" layihəsi üçün yeni texnologiyalar, eləcə də informasiya təhlükəsizliyi yer alır.
 
Sərgidə "Azerspace-2" ikinci telekommunikasiya peykini kosmik fəzaya buraxmağa hazırlaşan "Azercosmos" şirkəti kosmik texnologiya üzrə yenilikləri təqdim edir. İKT sahəsinin gündəlik həyat tərzinin müxtəlif sahələrinə fəal şəkildə nüfuz etməsi ilə əlaqədar olaraq, bir sıra şirkətlər sərgidə insanın gündəlik həyat və məişətini asanlaşdıran müxtəlif "qacet"lərin təqdimatını keçirəcək.

Bunların arasında müxtəlif mobil tətbiqlər ("Azercell"), kiçik qurğu sayəsində daşıma, qoşma və 200-dən artıq kanalı izləməyə imkan verən səyyar kabel televiziyası ("Caspian Telecom"), sıfırdan müştəri mərkəzlərinin, eləcə də məlumat bazası üzrə sistemlərin və digər zəruri ofis proqramı və şəbəkələrinin yaradılması ("Avirtel"); rəqəmsal dünyanı uşaqlar üçün təhlükəsiz edən yeni texnologiyalar ("Kaspersky Lab"), istənilən televizoru "SMART" televizora çevirməyə və televizora on günlük arxivlə baxmağa imkan verən "MyvideoSmartBox" avadanlığı ("AG Telekom") və s. yer alır. Beləliklə, sərginin ziyarətçiləri yaxın gələcəkdə ölkə bazarına daxil olacaq yüksək texnologiyalı həll variantları və xidmətlərlə tanış olan ilk insanlar olacaqlar.
 
Sərgini müşayiət edən işgüzar proqram çərçivəsində iştirakçı şirkətlər Bakı Ekspo Mərkəzində bir sıra seminarlar keçirəcəklər. 3 dekabr tarixində 2 seminar: "Furukawa praktiki seminarı: fiber-optik kabellər və optik lifin qaynaq texnologiyaları üzrə aparıcı həll variantları" ("Furukawa Electric" şirkəti) və "Mükəmməl rabitə" ("Smart Network Group" şirkəti) seminarları keçiriləcək. "CISCO" şirkəti arzu edən hər kəsi 4-5 dekabr tarixində keçiriləcək "CCNA marşrutlaşdırma və kommutasiya" (saat 11:00-da), "Linux" (saat 12:30-da), "Əşyaların interneti" (saat 14:00-da) maarifləndirici təlimlərə dəvət edir.
 
"Azercosmos" və "Arianespace" şirkətləri arasında "Azerspace-2" ikinci telekommunikasiya peykinin kosmik fəzaya buraxılması haqqında sazişin imzalanması "Bakutel 2015" sərgisinin işgüzar proqramı çərçivəsində keçiriləcək mühüm tədbirlərdən birinə çevriləcək. İmzalama mərasimi Bakı Ekspo Mərkəzində "Azercosmos" şirkətinin stendində keçiriləcəkdir.
 
Sərginin bütün qonaq və ziyarətçilərini işgüzar görüş və danışıqlarla yanaşı, İT texnologiyalarından istifadə etməklə keçiriləcək sürprizlər, müsabiqələr və viktorinalar gözləyir. Hər il olduğu kimi, sərgi iştirakçıları ziyarətçilərlə görüşə həvəslə hazırlaşıblar və öz stendlərində sürpriz, viktorina və müsabiqələrin keçirilməsini planlaşdırıblar. Həmçinin, sərginin təşkilatçıları – "Iteca Caspian" və "Caspian Event Organisers" ("CEO") şirkətləri də ziyarətçilər üçün  sürprizlər hazırlayıb. Sərginin keçiriləcəyi bütün günlər ərzində Londonun "Magic Circle" sirkinin tanınmış illüzionisti sadə "iPad" və telefon ilə "Bakutel" sərgisinin bütün ziyarətçiləri üçün bir-birindən maraqlı fokuslar göstərəcək.
 
Beləliklə, həmişəki kimi İKT sahəsinin illik bayramı olan "Bakutel" sərgisi bu il də yeni bilik və ideyaların axınına, eləcə də yeni əlaqələrin qurulmasına və müqavilələrin imzalanmasına şərait yaradacaqdır. "Bakutel 2015" sərgisinin bütün iştirakçıları barədə sərginin rəsmi kataloqunda məlumat veriləcək. Həmçinin, "Daily News" qəzetinin növbəti buraxılışının sərginin ikinci iş günündə işıq üzü görməsi planlaşdırılıb.
 
2015-ci ildə keçiriləcək bütün sərgilərin rəsmi tərəfdaşları "SafeLife" (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və "Greenwich Travel Club" (rəsmi turoperator) şirkətləri, habelə "Jumeirah Bilgah Beach Hotel Baku" və "Qafqaz Point Hotel" (rəsmi otellər) mehmanxanalarıdır. Ziyarətçilərin rahatlığı üçün metronun "Koroğlu" stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə (hər bir saatdan bir) pulsuz avtobuslar hərəkət edəcək.





02/12/15    Çap et