Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azerspace-2” peykinin 2017-ci ildə Fransanın “Ariane-5” raketi ilə Fransız Qvineyasından orbitə çıxarılması nəzərdə tutulub
Dekabrın 2-də Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC Fransanın “Arianespace” şirkəti ilə ikinci telekommunikasiya peyki “Azerspace-2”nin orbitə çıxarılmasına dair müqavilə imzalayıb.
Müqaviləyə əsasən, 2017-ci ildə orbitə çıxarılması planlaşdırılan “Azerspace-2” peykinin Fransanın “Ariane-5” raketi ilə Fransız Qvineyasının Kuru kosmodromundan orbitə çıxarılması nəzərdə tutulub.
Dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan İntelsat ilə “Azərkosmos” ASC-nin uzunmüddətli razılaşmasına əsasən 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək “Azerspace-2” Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək. “Azerspace-2” “Azərkosmos”un sayca ikinci telekommunikasiya peyki olmaqla yanaşı, “Azerspace-1”in əhatə zonasını genişləndirməklə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Tropik Afrikada ödənişli televiziya, hökumət strukturları üçün rabitə və şəbəkə xidmətlərinə artan tələbatı qarşılayacaq.
Bu peyk “İntelsat”ın hazırda 45° şərq uzunluğu orbital mövqeyində yerləşən və Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionlarında ödənişli televiziya platformalarını tutumla təmin edən “İntelsat 12” peykinin davamlılığını təmin edəcək. “Azerspace-2”, həmçinin Afrikada korporativ şəbəkə və dövlət qurumlarını peyk xidmətləri ilə təmin edəcək.
“Azerspace-2” peyki SSL (Space Systems/Loral) şirkəti tərəfindən yüksək etibarlı SSL 1300 peyk platforması əsasında istehsal olunacaq ki, bu da öz növbəsində, çoxsaylı tətbiqlərdən və yüksək texnologiyalardan istifadə imkanları yaradır.
02/12/15 Çap et