Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SAZZ 4G” “Bakutel”də “TDD LTE-Advanced” texnologiyasının imkanlarını nümayiş etdirir


Son beş il olduğu kimi, “SAZZ 4G” brendi altında fəaliyyət göstərən “AzQtel” şirkəti də 21-ci “Bakutel 2015” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz stendi ilə iştirak edir.

Azərbaycanın ən iri dördüncü nəsil genişzolaqlı simsiz internet xidmətinin provayderi olan “SAZZ 4G” bu il dünyanın ən müasir və qabaqcıl hesab olunan “TDD LTE-Advanced” texnologiyasının imkanlarını nümayiş etdirir. “Bakutel” sərgisinin ziyarətçiləri məlumatın 1 gb/s qədər sürətlə ötürülməsinə malik olan texnologiya ilə “SAZZ 4G” stendində tanış ola bilərlər.
 
 
Bundan başqa, artıq iki ilə yaxın əvvəl bazara təqdim olunan və bir sıra mühüm üstünlüklərinə görə qısa zamanda ad qazandıran “Sky Port” məhsulunun yenilənmiş versiyası ilə bağlı ətraflı məlumat əldə edəcəklər. “SkyPort” “Sazz 4G İnternet” şəbəkəsinin əhatə dairəsindən asılı olmayan simsiz ayrılmış xətt xidmətidir. Həm yaşayış məntəqələrində, həm də infrastrukturun yetərsiz olduğu ərazilərdə təmin oluna bilən xidmət indi daha güclü və əlverişli oldu. Belə ki, “SkyPort” məhsulunun abunəçiləri saniyədə 5 meqabitdən 100 meqabitə qədər seçilmiş sürətlə sabit internet xidmətindən faydalanmaq imkanı əldə etdilər.
 
“Bakutel” sərgisinin ziyarətçiləri arasında “Sazz 4G İnternet” abunəçisi olmaq istəyən bütün şəxslər sərginin davam edəcəyi dörd gün ərzində sərfəli qiymət və şərtlərlə təklif olunacaq paketlər haqqında geniş məlumat almaq imkanına malik olacaqlar.
 
Son il ərzində “Sazz 4G İnternet” şirkəti mütəmadi olaraq öz əhatə dairəsini, gücünü əhəmiyyətli dərəcədə artırıb. Hazırda “Sazz 4G İnternet” Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Xaçmaz, Astara, Lənkəran, Lerik və Masallı şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir.
 
“SAZZ” brendi 2010-cu ildə “AzQtel” şirkəti tərəfindən “Bakutel” sərgisi çərçivəsində bazara təqdim olunub.
 
RƏVAN
 




03/12/15    Çap et