Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının 3-cü regional iclası keçirilir
Bakıda "Bakutel-2015" sərgi-konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Rabitə Birliyinə üzv olan ölkələri üzrə tədqiqat qrupunun 3-cü regional iclası keçirilir.
İclasda Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) , Regional Rabitə Birliyinin (RRB) nümayəndələri, eləcə də Belarus, Özbəkistan, Tacikistan, Rusiya rabitə administrasiyalarının təmsilçiləri iştirak edirlər.
Tədbirdə logistik sistemlər üzrə qurğuların müxtəlif ölkələrin mobil şəbəkələrində istifadəsi zamanı rouminq xidmətləri üçün hesablaşmaların müəyyən edilməsi məsələsi müzakirə edilib.
Bildirilib ki, ölkələr arasında bununla bağlı ekspert qrupunun yaradılmasına ehtiyac var. Çünki müxtəlif istiqamətlərdə ayrı-ayrı nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi dəfələrlə artır və nəqliyyat vasitələrindəki qurğular bir operatorun şəbəkəsindən digərinə keçdikdə istifadə edilən mobil rabitə xidmətlərinin tarifikasiya sistemlərinə yenidən baxmaq tələb olunur.
Bununla yanaşı, tədbir çərçivəsində OTT (Over the Top) xidmətlərinin RRB-yə üzv olan ölkələrdə tətbiqi məsələləri, mobil və stasionar şəbəkələrdə istifadə olunan nömrələrin prefikslərinin, indekslərinin identifikasiyası ilə bağlı danışıqlar aparılıb.
Sonda bu sahədə müvafiq tövsiyələrin hazırlanması qərara alınıb.
Aynur Vəliyeva
04/12/15 Çap et