Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakutel 2015”də təmsil olunan Litva şirkətləri ilə görüş keçirilib
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Bakutel 2015" - 21-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə E.Vəlizadə Litva tərəfinə, o cümlədən təmsilçi şirkətlərə hər il "Bakutel"də fəal iştiraklarına və sərgiyə göstərdikləri marağa görə minnətdarlığını ifadə edib. Nazir müavini tərəflər arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb və bu istiqamətdə müvafiq addımların atılması zərurətindən danışıb.
"Bakutel 2015" sərgi və konfransının açılışı münasibətilə təbriklərini çatdıran səfir Valdas Lastauskas nüfuzlu və beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın uğurlu təşkilatçı qismində çıxış etdiyini diqqətə çatdırıb.
Xüsusən "Bakı 2015" Birinci Avropa Oyunlarını xatırladan diplomat orada ən müasir texnoloji həll və vasitələrdən istifadə olunduğunu vurğulayaraq, bu imkanları texnologiya möcüzəsi adlandırıb. Səfir əməkdaşlığın yeni istiqamətlərinin genişləndirilməsi üçün səylərin gücləndiriləcəyinə əminliyini də ifadə edib.
Daha sonra Azərbaycan bazarına maraq göstərən, özündə 200-dən artıq şirkəti cəmləşdirən "İNFOBALT" Assosiasiyasının nümayəndəsi təqdimatla çıxış edib və əməkdaşlıq sahələri barədə məlumat verib.
05/12/15 Çap et