Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

STİVEN BALMER - O, qeyri-ənənəvi rəftarı ilə seçilir


Stiven Balmer 1956-cı ilin mart ayının 24-də ABŞ-ın Miçiqan ştatının Detroyt hissəsində anadan olub. Atası I Dünya müharibəsi zamanı İsveçrədən gəlmiş immiqrant Frederik Balmer, anası isə Belorusdan olan yəhudi əsilli Şlomo Dvorkinodur.

Orta məktəbi bitirən Stiv 1973-cü ildə Harvard Universitetində təhsil almaq hüququ qazanır, 1977-ci ildə universiteti bitirərək riyaziyyat və iqtisadiyyat ixtisası istiqaməti üzrə bakalavr pilləsinə yiyələnir.

1977-79-cu illərdə Balmer “Procter&Gamble” kompaniyasında menecer köməkçisi kimi işləyib, sonra Stenford Universitetinin nəzdində fəaliyyət göstərən Yüksək Biznes Məktəbinə (Graduate School of Business) daxil olub.

Lakin təhsilini yarımçıq qoyaraq Bill Qeytsin dəvəti ilə “Microsoft”da baş menecer vəzifəsini tutur.

O, hələ Harvardda oxuyarkən Bill Qeystlə tanış olur və bu tanışlıq gələcəkdə onun karyera yolunu müəyyənləşdirir.

Balmer 1998-ci ildə “Microsoft”un prezidenti olana qədər müxtəlif illərdə kompaniyanın maliyyə məsələləri üzrə direktoru, marketinq üzrə vitse-prezident, proqram təminatı sistemi üzrə vitse-prezident və layihələrin həyata keçirilməsi və dəstək üzrə vitse-prezident vəzifələrində çalışıb.

Balmerin şirkətdə fəaliyyət göstərdiyi müddətdə “Microsoft” daha da inkişaf edərək İT sahəsinin liderlərindən birinə çevrilib.

O, müxtəlif vaxtlarda kompaniyanı genişləndirərək əməliyyat, əməliyyat sistemləri, texniki dəstək və s. bu kimi önəmli şöbələri təsis etmiş və kompaniyanın iş keyfiyyətinin yüksəlməsini təmin etmişdir.

O, həmçinin, “MS DOS” və “Windows” əməliyyat sisteminin ilk versiyasının hazırlanması prosesinə şəxsən rəhbərlik etmişdir. 2000-ci ilin yanvarından etibarən baş icraçı direktor postunu tutur.

Balmer bu postu tutduqdan sonra kompaniya milyonlarla istifadəçi üçün faydalı məhsulların istehsalını daha da artırdı, bu da gəlirin sürətlə çoxalmasına gətirib çıxardı.

Balmerin həyat yoldaşı da “Microsoft”da çalışır, onların 2 övladı var. O, mütəmadi olaraq idmanla – gündəlik olaraq qaçışla məşğul olur.

Xüsusilə də basketbolu çox sevir. Tez-tez oyunları canlı olaraq izləyir. Qeyd edək ki, Stiven universitetdə oxuyarkən futbol komandasının rəhbəri olub.

Dostları və kolleqaları onu çox əməksevər bir insan kimi təsvir edirlər. Bildirirlər ki, o, hər gün səhər saat 7-də işə başlayır və iş rejimi gecəyarısına kimi davam edir.

Balmer özü bu haqda deyir: “Mən “Excel”də cədvəl hazırlamışam, orada gün ərzində sifarişçilərə və həmkarlarıma neçə saat vaxt ayıracağımı qeyd edirəm. Hər bir kəsin gündəlik cədvəli olmalıdır. Mənə gələn məktubları hər gün özüm oxuyuram. Bu işdə mənim köməkçim yoxdur.”

Yaxınları Balmerin iti zəkaya malik olduğunu qeyd edirlər. Sinif yoldaşı Tod Riç məktəb illərindən danışaraq bildirir: “Stiv çox ağıllı idi. Onunla bir neçə dəqiqə ünsiyyətdə olan şəxs intellektini görə bilir. O, yüksək səviyyədə enerjili idi, həm zehni, dəm də fiziki cəhətdən”.

Stiven bir çox iqtisadi forumlarda tez-tez iştirak edir. O, ictimaiyyətin çoxluq təşkil etdiyi bu kimi tədbirlərdə ənənəvi olmayan rəftarı ilə seçilir. Balmer çox zaman həmkarlarına zarafatla fikirlərini izah edir, “Microsoft”dan narazı müştərilərlə yumorla danışır.

Nüfuzlu “Forbes” jurnalının 2011-ci ildə hazırladığı siyahıya görə Balmer 14,6 milyard dollar həcmində kapitalı ilə dünyanın ən zəngin insanları arasında 46-cı yerdə qərar tutub.




17/09/11    Çap et