Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qan damarlarını... üçölçülü printerdə çap edəcəklər
Almaniyalı tədqiqatçılar köçürülmüş orqanların və toxumaların qanla təchiz olunması üçün süni qan damarları yaradılmasının yeni texnologiyasını işləyib hazırlayıblar.
Onlar qan damarlarını üçölçülü şırnaqlı printerdə polimer mürəkkəblə çap etməyi təklif edirlər.
Bioloji baxımdan uyğunlaşdırıla biləcək süni qan damarları yaradılması problemi üzərində Fraunqofer cəmiyyətinin beş institutu işləyir.
Şaxələnərək öz funksiyasını yerinə yetirən çox nazik kapilyarlar yaratmaq son dərəcə mürəkkəb məsələdir.
Mütəxəssislər bu məsələnin həlli üçün iki texnologiyadan: verilmiş modelə tam uyğunluğu gözləməklə üçölçülü printerdə çap və multifoton polimerləşmə texnologiyalarından istifadə ediblər.
3D şırnaqlı printer müxtəlif materiallardan üçölçülü obyektləri yarada bilər, həm də bu proses kifayət qədər tez olur. Printer materialın təbəqələrini üst-üstə qoyur və bu təbəqələr ultrabənövşəyi şüalanmanın təsiri altında kimyəvi üsulla bir-birinə tikilir.
Bu texnologiya artıq məlumdur, lakin problem ondan ibarətdir ki, kapilyar qan damarlarının yaradılması üçün o, yetərincə dəqiq deyildir. Alimlər onu multifoton polimerləşmə ilə tamamlamışlar - qısa, amma intensiv lazer impulsları müəyyən nöqtələrə təsir göstərərək, molekulları həmin nöqtələrdə bağlayırlar.
Layihənin rəhbəri, Fraunqofer Mühəndislik və Biotexnologiya İnstitutunun əməkdaşı Qünter Tovaranın sözlərinə görə, hazırda bu texnologiya sınaqdan keçirilir.
Alimlər deyirlər ki, perspektivdə müxtəlif toxumalardan ibarət olan və kapilyar qan damarları ilə təmin edilmiş bütöv orqanları printerdə “çap etmək” mümkün olacaq.
Birinci mərhələdə belə süni orqanlar transplantasiya üçün olmasa da, heyvanlar üzərində eksperimentləri əvəz etmək üçün test sistemləri kimi lazım olacaq.
19/09/11 Çap et