Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əlillik müayinəsi barədə məlumatın verilməsi üzrə yeni e-xidmət istifadəyə verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əhaliyə təqdim etdiyi elektron xidmətlərin sırası genişlənir. Belə ki, nazirlik “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətini də “Elektron hökumət” portalı üzərindən əhalinin istifadəsinə verib.
 
Nazirlikdən qeyd edilib ki, Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsini apardığı şəxslər bu e-xidmətdən istifadə etməklə, nəticəyə dair elektron qaydada məlumat ala bilirlər.
 
İstifadəçilər “Müayinələrin reyestri”, “Çıxarışın yoxlanılması”, “Çıxarışların tarixçəsi”, “Mənim yoxladığım çıxarışlar”, “Mənim çıxarışlarımı yoxlayanlar” bölmələri üzrə aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin müvafiq çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək  imkanlarına malikdirlər.
 
 
“Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti ölkədə daha bir e-arayış növünün formalaşmasına səbəb olub. Belə ki, istifadəçi  TSEK-də əlilliyinin müəyyən olunması üçün aparılmış müayinənin nəticəsi barədə çıxarışı pdf formasında əldə edərək, bu barədə arayış tələb edən təşkilata təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Arayışın təqdim edildiyi təşkilatların bu sənəddəki müvafiq autentifikasiya kodu vasitəsilə “E-Hökumət” portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanları var.
 
 
Hazırda TSEK-lər tərəfindən əlilliyin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi ilə bağlı aparılmış bütün müayinələrin nəticələri nazirliyin müvafiq elektron informasiya sisteminə daxil edilir. Mövcud informasiya bazası aparılmış müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə imkan verməklə yanaşı, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətinin formalaşdırılmasına da şərait yaradıb.
 
 
Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılması işləri yekunlaşmaq üzrədir. Sistemin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
 
 
 
Həqiqət İSABALAYEVA
 




10/12/15    Çap et