Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Cinayət-Prosessual Məcəlləsində kibercinayətkarlıqla bağlı dəyişiklik edilib
Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.
APA-nın məlumatına görə, həmin Fərmana görə, indiyə qədər kibercinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti yalnız xüsusi xidmət orqanlarına məxsus olub. Bundan sonra isə kibercinayətlərlə bağlı işi başlamış daxili işlər (polis) orqanları da ibtidai istintaq apara biləcəklər.
Qeyd edək ki, kibercinayətlərə kompüter sisteminə qanunsuz daxil olma (271-ci maddə), kompüter məlumatlarını qanunsuz ələ keçirmə (272-ci maddə), kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə (273-cü maddə), Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi (273-1.-ci maddə), kompüter məlumatlarının saxtalaşdırılması (273-2.-ci maddə) daxildir. Bu maddələr üzrə 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə, 2 min manatdan 4 min manatadək cərimə nəzərdə tutulur.
14/12/15 Çap et