Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tələbələr təhsil haqlarını elektron formada ödəyə biləcək


Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən yaradılan “Hökumət Ödəniş Portalı”nın (HÖP) infrastruktur imkanları genişləndirilib.
 
 
Layihənin cari mərhələsində Təhsil Nazirliyi ilə həyata keçirilən birgə fəaliyyət nəticəsində dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin təhsil haqlarının mərkəzləşdirilmiş qaydada toplanılmasının təmin olunması məqsədilə nazirlikdə xüsusi informasiya sistemi yaradılıb və HÖP infrastrukturuna inteqrasiya olunub.
 
Təhsil Nazirliyi tərəfindən pilot olaraq seçilən dövlət ali təhsil müəssisələri (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Sumqayıt Dövlət Universiteti) yaradılan informasiya sisteminin avtomatlaşdırılan iş yeri ilə təmin edilərək onlara tələbələr haqqında məlumatların mərkəzi informasiya bazasına daxil edilməsi və qəbul edilən ödənişlər haqqında hesabatların alınması imkanı yaradılıb.
 
 
Tələbələrdən təhsil haqlarının toplanılması prosesində şəffaflığın təmin olunmasında və toplanan maliyyə vəsaitlərinin zəmanətli şəkildə müvafiq hesablara çatdırılmasında maraqlı olan bütün ali təhsil müəssisələri Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə müraciət etməklə yaradılan infrastruktura qoşula bilərlər.
 
 
Bu infrastruktura qoşulan ali təhsil müəssisələri üzrə qəbul edilən təhsil haqqı ödənişləri haqqında məlumatlar real vaxt rejimində Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə, maliyyə vəsaitləri isə bu müəssisələrin hesablarına xidmət göstərən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə çatdırılır. Hər bir əməliyyat gününün sonunda toplanan vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə elektron üzləşmə aparılır və bu haqda Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə məlumat çatdırılır.
 
 
Mərkəzi Bank bildirir ki, Təhsil Nazirliyi ilə birgə həyata keçirilən bu tədbir nəticəsində infrastruktura qoşulan dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkənin istənilən regionunda "Azərpoçt" MMC-nin və 42 bankın 2000-ə yaxın ödəniş məntəqəsində və infrastruktura inteqrasiya olunan ödəniş terminallarında nağd formada, həmçinin ödəniş kartlarından istifadə etməklə HÖP-ün internet resursları və “Elektron hökumət” portalı vasitəsilə nağdsız formada ödənişlərini həyata keçirmək imkanına malik olublar.
 
 İstənilən üsulla təhsil haqları üzrə borcların öyrənilməsi və ödənişlərin aparılması üçün ödənişli təhsil alan tələbənin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsindən, təhsil müəssisəsi tərəfindən tələbəyə verilmiş xüsusi koddan və ya qəbz nömrəsindən istifadə edilə bilər.
 
Seymur Qasımbəyli 





15/12/15    Çap et