Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Kapital Bank" ASC xidmətlərini sadələşdirir
"Elektron Hökumət" portalı 432 elektron xidməti "bir pəncərədən" təqdim etməklə yanaşı, fərdə aid dəqiq və ətraflı məlumatları özündə birləşdirən vahid informasiya sistemi rolunu oynayır.
Bu gün bir sıra dövlət və özəl qurumlar var ki, onlar vətəndaşlarla bağlı müxtəlif məlumat bazalarına malikdir. Vətəndaşlar "e-gov.az" portalı vasitəsilə bu qurumlara müraciət etdikdə vətəndaşa aid həmin bazalarda olan məlumatlardan istifadə edilir.
Bu məlumatların doğruluğu, dəqiqliyi və vahid əsaslar üzrə formalaşdırılması birbaşa təqdim olunan xidmətlərin keyfiyyətinə təsir göstərir.
Portalın operatoru bu sahədə ölkə başçısının "Elektron hökumət" portalı haqqında Əsasnamənin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanını əsas tutaraq, bir sıra işlər həyata keçirib. Bunlardan portal üzrə bir çox məlumatların avtomatik əldə olunmasını mümkün edən fərdi identifikasiya nömrəsinin (FİN) informasiya sistemlərinə tətbiqidir.
Bu sahədə portal, dövlət və özəl qurumları ilə birgə əməkdaşlıq sayəsində vətəndaşlar, eləcə də, müəssisələr üçün mötəbər informasiya məkanına çevrilib. Bu gün 25-dən artıq bank və ticarət təşkilatlarına müraciət zamanı sənəd mübadiləsi elektron şəkildə portal üzərindən həyata keçirilir.
Ölkənin qabaqcıl banklarından biri olan "Kapital Bank" ASC də "Elektron Hökumət" portalının üstünlüklərindən faydalanaraq vətəndaşlara daha rahat və sadə xidmət təqdim edəcək. Belə ki, Portalın elektron arayışlar xidmətinə qoşulacaq bank tezliklə fərdi məlumatlar üzrə kağız üzərində arayış tələbini aradan qaldıracaq. Artıq banka müraciət zamanı vətəndaşlar quraşdırılacaq xüsusi terminallardan istifadə edərək, şəxsiyyət vəsiqəsini skan etməklə bank tərəfindən tələb olunan müvafiq məlumatları çap edə biləcək.
Bununla yanaşı, "Kapital Bank" ASC öhdəliyində olan informasiya bazasındakı fərdi məlumatların FİN-ə uyğunlaşdırılması üçün portala müraciət etmişdir. 2,7 milyon fərdi məlumatı özündə birləşdirən müştəri bazasının FİN-ə uyğunlaşdırılması əməliyyatları zamanı əl ilə məlumat daxil etməni aradan qaldırmaqla avtomatikliyi təmin edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzində "Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini Fərid Hüseynovun iştirakı ilə baş tutmuş görüşdə qeyd olunan məsələlər müzakirə olunub və çərçivə razılaşması əldə edilib. Növbəti mərhələlərdə görüşlərin mütəxəssislər səviyyəsində davam etdirilməsi planlaşdırılıb, görüşün nəticələri deməyə əsas verir ki, "Kapital Bank" ASC yaxın zamanlarda müştərilərinə daha fərqli xidmətlər təqdim etməyi nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində, bank Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 200 nömrəli qərarına əsasən "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara edilən dəyişikliklər üzrə portalın "E-Gov İdentity" servisi vasitəsilə mobil nömrələrin müştərilərin adına olmasının təsdiqini də əldə etmiş olacaq.
16/12/15 Çap et