Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

20 ildə milyarderlərin sayı 5 dəfə artıb


20 ildə dünyada milyarderlərin sayı 4,76 dəfə artaraq 1347-yə yaxınlaşıb.
«Rambler News Service» bu barədə «UBS» və «PricewaterhouseCoopers» («PWC») şirkətlərinin birgə hesabatına istinadən məlumat verir.
Sənədə əsasən, planetin ən zəngin insanlarının sərvəti dünya iqtisadiyyatı ilə müqayisədə daha sürətli artır. 1995-ci ildən etibarən planetin bütün milyarderlərinin ümumi var-dövləti 8 dəfə artaraq 5,4 trilyon dollar təşkil edib. Bu halda müvafiq dövrdə dünya ÜDM-nin həcmi yalnız 3 dəfə artaraq 77 trilyon dollar təşkil edib.
 
«ICTnews» elektron xəbər xidməti «lenta.ru» resursuna istinadən xəbər verir ki, 1995-ci ildən etibarən qadın milyarderlərin sayı isə 6,6 dəfə artaraq 145 nəfər təşkil edib. Ancaq dünyanın ən zəngin insanları reytinqinin 90 faizini kişilər təşkil edir.
 
2015-ci il 10 dekabr tarixində nüfuzlu «Forbes» nəşri 2015-ci il üzrə ən uğurlu milyarderlərin adlarını açıqlayıb. Jurnalın versiyasına görə, «Amazon» internet şirkətinin yaradıcısı Ceff Bezos sözügedən reytinqdə liderdir. Belə ki, onun sərvəti 29,5 milyard dollar artmaqla 58,4 milyard dollar təşkil edir. Müqayisə üçün, cari ilin martında Bezos planetin ən zəngin insanları sırasında yalnız 15-ci pillədə qərarlaşmışdı.
 
«Facebook»un həmtəsisçisi və direktoru Mark Zukerberq 45.6 milyard dollarlıq sərvətlə ikinci pillənin sahibi olub.

«Alphabet» şirkətinin baş direktoru Larri Peyc reytinqin üçüncü pilləsində qərarlaşıb. Onun varidatı 38.4 milyard dollar məbləğində qiymətləndirilib.

İlk beşlikdə, həmçinin «Alphabet» şirkətinin prezidenti Serqey Brin də yer alıb. Onun var-dövləti isə 37,6 milyard dollardır.
 
Emil Hüseynov





16/12/15    Çap et