Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçidlə bağlı növbəti görüş keçirilib
16 dekabr 2015-ci il tarixdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçidlə bağlı toplantı keçirilib. Toplantıda "Elektron Hökumət" portalının, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN), “Azercell Telekom” MMC-nin, “Azerfon” MMC-nin və “Bakcell” MMC-nin səlahiyyətli nümayəndələri iştirak edib.
Xatırladaq ki, 23 fevral 2015-ci tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsinə başlanılıb. Vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsinə və bu sahədə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil olunmasına xidmət edəcək proses aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirilməsi üçün nəzərdə tutulub.
Ünvanlı dövlət sosial yardımın təyinatı prosesinin VEMTAS (Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi) üzərindən təşkili 20-dən artıq dövlət və özəl qurumun birgə fəaliyyəti əsasında reallaşdırılır. Bu baxımdan, sosial yardım üçün müraciət edən şəxsin ailə-məişət şəraiti barədə dəqiq və ətraflı məlumatların təmin edilməsi, şəffaf və düzgün qiymətləndirmənin aparılması üçün onun ödəniş qabiliyyətinin dəyərləndirilməsi vacib məsələlərdəndir.
Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən şəxsin FİN-i və notarial qaydada təsdiq edilmiş ərizə nömrəsi ƏƏSMN tərəfindən “Elektron Hökumət” portalına ötürüləcək. Portal tərəfindən həmin şəxsin ailə üzvlərinin FİN-ləri və hər birinin adına olan mobil telefon nömrələri müəyyən edilərək (daşınmış nömrələr nəzərə alınmaqla) servis vasitəsilə aidiyyatı mobil operatorlara ötürüləcək. Mobil operatorlar məlumatları yoxladıqdan sonra hər bir mobil nömrə üzrə son 1 il ərzində aparılmış ödənişlər barədə məlumatlar müvafiq servislər vasitəsilə portal üzərindən ƏƏSMN-ə qaytarılacaq. Bütün proseslər onlayn rejimdə avtomatik olaraq baş tutacaq və beləliklə, müraciətçinin ödəmə qabiliyyəti müəyyən olunacaq.
Bütün əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardımın təyin olunub-olunmaması barədə qərar qəbul olunacaq. Vətəndaşa və ailəsinə bu barədə məlumat yenə də elektron qaydada veriləcək.
Müzakirələr zamanı ƏƏSMN, portalın operatoru və mobil operatorlar tərəfindən müvafiq servislərin vaxtında hazırlanıb başa çatdırılması və prosesin 15.01.2016-cı il tarixdən etibarən test mühitində tətbiq olunması, 01.02.2016-cı il tarixdən etibarən isə tam şəkildə istismara veriləcəyi qərara alındı.
Qeyd edək ki, VEMTAS çərçivəsində bu gün bir sıra qurumlar arasında informasiya mübadiləsi aparılır. Bu proses keyfiyyətli və şəffaf elektron xidmət təminatı üçün bütün qurumların birgə fəaliyyətinin vacibliyini bir daha önə çıxardı.
16/12/15 Çap et