Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Texniki-peşə təhsili inkişaf etdirilir
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsinin yeni mərhələsinə başlamışdır.
GTM-dən bildirmişlər ki, Beynəlxalq təcrübənin öyrənilməsini nəzərdə tutan yeni mərhələdə əsasən Avropa ölkələrinin texniki-peşə təhsili istiqamətində konsepsiyaları, gördükləri işlər, əldə etdikləri uğurlar öyrəniləcək, ölkəmizdə tətbiq edilməsi üçün təkliflər veriləcəkdir. Artıq Almaniya, Böyük Britaniya, Litva və Estoniyada bir neçə peşə təhsili mərkəzləri ilə danışıqlara başlanılmışdır.
Ümumilikdə bu layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun regionlarda peşə ixtisas kadrlarına yaranan tələbatın ödənilməsi, habelə əhaliyə müasir peşə təhsili almaq imkanlarının yaradılması üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi, gənclərdə bu sahəyə həvəs oyatmağı və texniki-peşə təhsilinin nüfuzunun qaldırılmasını nəzərdə tutur.
Layihənin rəhbəri Rasim Ağayev demişdir ki, artıq layihə öz uğurlu nəticələrini verməyə başlamışdır. Belə ki, paytaxt Bakıdan, eləcə də regionlardan müxtəlif işsiz gənclər və abituriyentlər texniki-peşə təhsili almaq üçün hansı addımların atıldığını, hansı sənədlərin tələb olunduğunu, hansı qurumlara müraciət edildiyini öyrənmək üçün məsləhət saatlarımıza gəlirlər. Bu bizə əsas verir deyək ki, texniki-peşə təhsilinə maraq və ehtiyac tədricən atır. Təbii ki, bu işdə bizim layihənin də maarifləndirici hissəsinin xüsusi rolu vardır.
Növbəti mərhələdə isə texniki peşə təhsili ilə bağlı normativ hüquqi aktlar bazasının formalaşdırılması və təkliflərin hazırlanması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, indi respublikada 114 texniki peşə təhsili müəssisəsi mövcuddur. Onlardan 7-si işğal olunmuş ərazilərdə fəaliyyət göstərmiş və hazırda fəaliyyəti dayandırılmış peşə məktəbləridir. Fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrindən 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir. Respublikanın peşə məktəbi və peşə liseylərində 101 peşə üzrə təlimlər aparılır.
10/06/11 Çap et